Fontu böyüt:
Bu gün Bakıda «Azərbaycan Elektronikası» (AZEL) və «APS by Schneider Electric» (ABŞ) şirkətlərinin təşkilatçılığı ilə «İT avadanlıqların müdafiə texnologiyası» mövzusunda seminar keçirilib.
Tədbir İT avadanlığın elektrik enerjisi cərəyanının dəyişməsi və dayandırılmasından qorunması texnologiyalarına həsr edilib.
ABŞ şirkətinin MDB ölkələri üzrə baş meneceri Dmitriy Kirilov seminarın açılış mərasimində bildirib ki, bu gün bir çox təşkilat biznes proseslərdə stabilliyi təmin etmək və tam optimal istismara davamlı nəticələr əldə etmək üçün öncül İT texnologiyalardan istifadə edir. Ekspert öz çıxışında fors-major hallarda və texnikada baş verən nasazlıqlar nəticəsində sıradan çıxan sadə avadanlıqların şirkətə külli miqdarda ziyan vura bilməsini, hətta bütün biznesə xələl gətirdiyini bildirib. Həmçinin, şirkətin fəaliyyətindəki nailiyyətin əsas faktorlarından birinin düşünülmüş İT infrastrukturda səmərəliklə bərabər düzgün balanslaşdırılan enerji sərfindən ibarət olduğunu vurğulayıb.
Seminarda «APC by Schneider Electric» şirkətinin sifarişçilərlə iş üzrə meneceri Aleksey Antipov «APC həllərinin icmalı», şirkətin Cənubi Qafqaz üzrə meneceri Serqey Qavrilenkov «Məlumatların İşlənməsi Mərkəzinin effektiv əsas üzərində qurulması» mövzusunda məruzələrlə çıxış ediblər. Tədbir seminar iştirakçıları ilə təşkilatçılar arasında keçirilən sual-cababla yekunlaşdı.
Xatırladaq ki, AZEL şirkəti 13 ildən artıqdır ki, şəbəkə və avadanlıqların müdafiəsi üzrə tam əhatəli həllər təqdim edən APC-nin tərəfdaşıdır.
Qeyd edək ki, Fransanın «Schneider Electric» şirkəti elektrik enerjisinin paylanması və sənaye proseslərinin avtomatlaşdırması üzrə dünya liderləri sırasındadır. Şirkətin 106 ölkədə 205 zavodu, 100 mindən artıq işçisi var. APS-in həlləri isə ev istifadəçiləri, orta və kiçik biznes, Məlumatların İşlənməsi Mərkəzləri üçün nəzərdə tutulub. Birləşdirilmiş şirkət bir sıra sahələr üzrə geniş çeşidli həllər paketi təqdim edir.APA