Fontu böyüt:
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Təlim kurslarının təşkili media peşəkarlığının artırılmasında başlıca amil kimi» layihə çərçivəsində ali məktəblərin jurnalistika fakültələrinin tələbələri üçün keçirdiyi təlim kursları davam edir. Şuradan bildirilib ki, kurslarda «KİV-in hüquqi tənzimlənmə mexanizmləri», «KİV və peşəkarlıq xüsusiyyətləri», «Diffamasiya: nəzəri və təcrübi amillər», «KİV menecmenti və marketinqi», «KİV-hakimiyyət münasibətləri», «KİV və müəlliflik hüququ», «KİV-ə dövlət dəstəyi: yerli və beynəlxalq təcrübə», «Media və müasir PR xüsusiyyətləri» və sair mövzularda məruzələr oxunur, diskussiyalar aparılır.
Bu gün baş tutan növbəti kursun mövzusu jurnalistin ilk mənbə ilə iş xüsusiyyətlərinə həsr olunub. Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə rəhbərlik etdiyi qurumun bu sahədə həyata keçirdiyi layihələr barədə məlumat verərək mövcud istiqamətdəki nəzərəçarpan tendensiyaları açıqlayıb. O, eyni zamanda jurnalist tələbələrin mövzu ətrafındakı suallarını cavablandırıb.
Qeyd edək ki, Şuranın mövcud layihəsindən məqsəd KİV təmsilçilərinin jurnalistika təhsilindəki müasir peşəkarlıq standartları barədə məlumatlandırılmasından, onların peşəkarlığın qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan forma və metodları ilə tanış edilməsindən ibarətdir. Layihədən strateji cəhətdən müəyyənləşdirilən başlıca xətt jurnalistlərin sosial-ictimai həyatda baş verən hadisə və proseslərə daha operativ, dəqiq və qərəzsiz yanaşmalarına, jurnalistlərin peşə fəaliyyətlərində yol verdikləri nöqsanların aradan qaldırılmasına, habelə KİV əməkdaşlarının ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına dəstək göstərməkdir.