Fontu böyüt:
Azərbaycanın Ultra şirkəti İqtisadi İnkişaf Nazirliyində informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi, iş prosesinin müasir elektron sistemlər vasitəsilə aparılması, həmçinin elektron idarəetmə sisteminin texniki tapşırığının hazırlanması, sistemin yaradılması və tətbiqi ilə bağlı elan edilmiş tenderdə qalib gəlib. Tenderdə Azərbaycan, Türkiyə, Rusiya və İsraildən ümumilikdə 14 şirkət iştirak edib.
Ultra tərəfindən nazirlikdə ən müasir Microsoft texnologiyaları əsasında hazırlanmış və beynəlxalq sınaqlarda yoxlanılmış “Megapolis DocNet” məhsulunun tətbiqi planlaşdırılır.
Ultra-dan xeberler.az-a verilən məlumata əsasən artıq şirkət İqtisadi İnkişaf Nazirliyində elektron idarəetmə sisteminin tətbiqinə hazırlıq istiqamətində ilkin işləri başa çatdırmaqdadır. Nazirlikdə bu məqsəd üçün xüsusi işçi qrupu yaradılıb.İlkin mərhələdə nazirlikdə elektron sənəd dövriyyəsi, kadrların idarə edilməsi və vətəndaşların müraciətlərinə baxılması prosesində altsistemlərin tətbiqi nəzərdə tutulur.
Bu sistemlərin tətbiqi sənədlərin hazırlanması və onların aidiyyəti üzrə çatdırılması zamanı vaxta qənaət etməyə və operativliyin təmin olunmasına geniş imkan yaradacaq, insan resurslarından daha az istifadə edilməsini və kağız sərfini aradan qaldıracaq. İkinci mərhələdə isə “Ultra” şirkəti Nazirliyin digər funksiyalarına aid sahələrdə altsistemlərin tətbiqini həyata keçirəcək.