Fontu böyüt:
Azərbaycanın cənubunda (Lənkəran, Astara, Lerik, Cəlilabad) televiziya verlişlərinin yayımı dayanıb.
Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Baləli Rzayev bildirib ki, Lerikdə yerləşən hündürlüyü 150 metr olan teleötürücünün 104 metr hissəsindən sonra əyilmə baş verib.
Buna rayondakı küləkli hava şəraiti səbəb olub. Bu səbəbdən də televiziya verilişlərinin yayımı dayanıb. Rzayev deyib ki, küləkli və qarlı hava şəraiti davam etdiyindən qüllənin bərpasında problemlər yaranıb.
Hazırda rayonun elektrik enerjisi ilə təchizatı da dayandırılıb.
"Azərenerji"nin 60-a yaxın əməkdaşı təmir-bərpa işləri üçün rayona ezam olunub.
Sədr müavini deyib ki, qasırğanın vurduğu ziyan böyük olduğundan kəndlərə elektrik enerjisinin bərpası iki günə mümkün olacaq. Gün ərzində Lerik şəhərində elektrik enerjisinin bərpasına çalışılacaq. // Trend