Amerika Birləşmiş Ştatlarının Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olub. Publika.Az-ın məlumatına görə, bu barədə AMEA Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib.
Amerika Birləşmiş Ştatlarının Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Maykl Teylor Gəncədə səfərdə olub.
Publika.Az-ın məlumatına görə, bu barədə AMEA Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib. Onun sözlərinə görə, P.Teylor AMEA Gəncə Bölməsinin rəhbəri Fuad Əliyevlə görüşüb. Qonağa son illərdə çap olunmuş dəyərli elmi monoqrafiyalar, o cümlədən Nizami Gəncəvinin 870 illiyi ilə bağlı nəşr edilmiş kitablar hədiyyə olunub.
Sonra isə P.Teylor Gəncənin Xan küçəsində fəaliyyət göstərən yerli xalçaçılıq, dulusçuluq, misgərlik, ağacişləmə nümunələri ilə və qədim tarixi eksponatlarla, XVI əsrdə salınmış Gəncənin iki mərtəbəli qədim yeraltı yolları ilə tanış olub, burada ilk dəfə olaraq yeraltı muzeyin yaradılması ilə bağlı təklifləri dəstəkləyib.
P.Teylor Gəncənin qədim abidələrindən hesab olunan Şah Abbas məscidi, görkəmli gəncəli alim və memar Şeyx Bəhaəddinin layihəsi əsasında inşa olunmuş Çökək hamam abidəsini də ziyarət edib. O, Gəncə Şəhərinin Tarixi Abidələri Kataloqu əsasında ABŞ-ın Smitsan İnstitutunun Milli Muzeyində Gəncənin tarixi və memarlıq abidələrinin virtual muzeyinin yaradılması layihəsini dəstəkləyib.
Qonaq gələcəkdə də AMEA və Gəncə şəhər İcra Hakimiyyəti ilə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və gənc alimlərin Smitsan İnstitutunda altı aylıq kurslar keçməsi ilə bağlı layihə hazırlanması təklifini irəli sürüb.
Cəvahir Səlimqızı, publika.az