Fontu böyüt:
Hewlett-Packard (HP) şirkəti Multi-Touch sensor ekranlı ilk noutbukunu təqdim edib. HP TouchSmart tx2 adlanan bu noutbuk, şirkət nümayəndələrinin sözlərinə görə kütləvi istifadə üçün işlənib hazırlanmış sensor displeyli ilk planşet kompüterdir. Yeni kompüteri artıq ABŞ ərazisində sifariş etmək olar, onun qiyməti isə 1149 ABŞ dollarından başlayır.
Yeni qurğu 1280x800 piksel təsvir dəqiqlikli 12-düymlü genişformatlı rightView ekranı, LED – işıqlandırma sistemi və veb-kamera ilə təchiz olunub. Bu modeldə multisensor texnologiyası istifadə olunur ki, həmin texnologiyanın köməyi ilə istifadəçilər stilus və ya barmaqla öz əlavələri ilə idarə etmək imkanı əldə edirlər. Lakin hazırda MultiTouch-lı sensor interfeysindən istifadə yalnız HP MediaSmart əlavəsində mümkündür, Cnews yazır.
Yeni qurğu 2-2,4 QQs takt tezlikli AMD Turion X2 Ultra və ya AMD Turion X2 mobil prosessoru bazasında yığılıb. İstifadəçilərin ixtiyarına 500 QB-dək sərt diskli və 8 QB DDR2 operativ yaddaşlı modellər təqdim olunur. Video məlumatların emalını isə burada ATI Radeon HD 3200 videokartı yerinə yetirir.
Qeyd edək ki, bundan əvvəl Dell sensor ekranla təchiz olunmuş Latitude XT modelini təqdim etmişdir. Lakin həmin noutbukun qiyməti 2,5 min. dollardan çoxdur ki, belə vəziyyətdə isə həmin portativ kompüteri kütləvi bazar məhsuluna aid etmək olmaz.