İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Fərhad Kərimov: “İT sahəsində bir az geri qaldınsa, avtomatik geriyə düşəcəksən”

22.12.2014 [15:04]

Fontu böyüt:      

Azərbaycan Respublikası Dövlət Neft Fondunun baş sistem adminstratoru 27 yaşlı Fərhad Kərimov Kaspi.az qəzetinin suallarını cavablandırıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun baş sistem adminstratoru 27 yaşlı Fərhad Kərimov Kaspi.az qəzetinin suallarını cavablandırıb.  

- Fərhad bəy, informasiya texnologiyaları (İT) hər adamın bacardığı və marağı olan sahə deyil. Sizdə İT-yə həvəs hardan yarandı?

- İT-yə həvəsim məktəb illərindən başlayıb. Təxminən 8-ci sinifdə oxuyanda atama kompüterə marağımın olduğunu dedim. O da mənə dəstək oldu. Şəhərimizdə kursların az olduğu bir vaxtda məni kursa qoydu, hər gün işdən çıxıb məni maşınla kursa aparıb gətirdi. Beləcə, İT-yə marağım daha da artdı. Amma konkret bu sahə üzrə gedəcəyimi dəqiqləşdirməmişdim. Əslində sənədlərimi 3-cü kursa vermək, səfir olmaq istəyirdim. Amma 8-ci sinifdə kompüterlə tanışlıqdan sonra anladım ki, humanitar fənlər mənlik deyil, marağım dəqiq fənlərədir. Beləliklə, sənədlərimi 1-ci qrupa verdim və Dövlət Neft Akademiyasına qəbul oldum. 

- Veb və qrafik dizaynla da məşğul olmusunuz. Hazırda bu işinizi də davam etdirirsiniz?

- Məktəbdə oxuyan müddətdə dostumla birlikdə veb dizayn və qrafik işləri görür, pul da qazanırdıq. Amma tələbəlik illərində gördüm ki, özümü orada tapa bilmirəm. 

- Necə oldu sistem adminstratoru oldunuz?

- Orta məktəbin son sinfində ali məktəbə hazırlaşa-hazırlaşa internet klub işlətməyə başladım. 3-4 il bu işdə müəyyən qədər bilik qazandım. Gördüm internet klublar çoxalmağa başlayır və mənim istədiyim iş də deyil. Həm də bu sahədə öyrənəcəyimi öyrənmişəm. İT sahəsində özümü sınamağa başladım və mənə yaxın, zövq aldığım və özümü tapa biləcəyim yer olduğunu hiss etdim. Amma sistem adminstratoru, mütəxəssis kimi bu sahədə yetişmək mənə xəyal kimi gəlirdi. Bununla belə qazancım pis olmasa da, internet klubla vidalaşdım. Şirkətlərdən birinə iş üçün müraciət etdim və help desk (kompüter format edən, müxtəlif proqramlar yazan və s.) kimi çox az maaş qarşılığında işə başladım. Hətta aldığım maaş mənim heç 1 həftəlik xərcimi ödəmirdi. Qazanc deyil, öyrənmək mənim üçün önəmli idi. Sonra hərbi xidmətə gedib yenə həmin şirkətə qayıtdım. Rəhbərliyə başqa bir iş üçün müraciət etdim, çünki əvvəlki iş yerimdə öyrəndiyimi öyrənmişdim. Sistem adminstratorunun köməkçisi kimi işə başladım. Paralel olaraq kurslara gedir, oxuyur, sertifikatlar alırdım. Bir müddət burada işləyəndən sonra gördüm ki, öyrənmək imkanım dayanıb, başqa bir şirkətə keçdim. 3-4 il orada sistem adminstratoru kimi işlədim. Ümumiyyətlə, çalışmışam ki, harada inkişaf varsa, özümü orada tapım, paralel olaraq özümü inkişaf etdirməyi də çox sevirəm. 

- Yəqin sistem adminstratorluğundan bezəndə Neft Fonduna keçdiniz...

- Bu sahədən heç vaxt bezmərəm. Sadəcə, orada artıq inkişafım dayanmışdı və yeni sistemlər də yox idi. Azərbaycan Respublikası Dövlət Neft Fondu hər kəsin tanıdığı bir yerdir və burada hər bir şey son texnologiyaya uyğundur. Eyni zamanda kənardan araşdırmalarıma əsasən, əmin oldum ki, həqiqətən mənim işləməli olduğum bir yerdir. Mən əməkdaşlarının inkişafı üçün heç bir şeyi əsirgəməyən belə bir yerdə çalışmaq istəyirəm. Beləliklə, Neft Fondunda vakansiyanın olduğunu bilib CV-mi sözügedən quruma təqdim etdim. Bir neçə mərhələli imtahanlardan keçəndən sonra işə qəbul etdilər. Düşünürəm ki, aldığım sertifikatlar Neft Fondunda işləməyimə kömək etdi.

- Bildiyimiz qədər, Microsoft proqramları sahəsində 20-yə yaxın sertifikatınız var. Özü də bu sertifikatları almaq o qədər də asan deyil...

- İşimlə yanaşı, özümü inkişaf etdirmək üçün daim hazırlaşıb imtahan vermişəm və beynəlxalq sertifikatlar almışam. Məsələn, MCT sertifikatını (Microsoft-un təsdiq edilmiş treyneri) almaq üçün imtahanı Türkiyədə verdim. Bu sertifikatla Microsoft-un beynəlxalq müəllimi statusunu aldığıma görə dünyanın istənilən yerində dərs deyə bilərəm. Qeyd edim ki, MCT imtahanı 4 gün çəkir. Müəyyən imtahanlardan, testlərdən keçirsən. Psixoloji vəziyyətindən tutmuş dərs demək qabiliyyətinə qədər bir sıra xüsusiyyətlərin yoxlanılır. Eyni zamanda MVP (Most Valuable Professional) sertifikatını da çox əziyyət çəkdikdən sonra əldə etdim. Bu sertifikat Azərbaycanda 3 nəfərdə var.

- Bu sahənin mütəxəssisi kimi İT üzrə Azərbaycan dilində ədəbiyyatı necə dəyərləndirirsiniz?

- Azərbaycan dilində resurs sıfır səviyyəsində olduğundan beynəlxalq sertifikatlara hazırlaşanda məcburən ədəbiyyatı ingilis, rus və türk dillərində tapıb oxuyurdum. Kitablar bir tərəfə, hətta məqalələr belə yox idi. Mən bu mərhələni keçdiyimdən çətinlikləri bilirəm. Buna görə şəxsi blogumu açdım (www.FRHD.info) və Azərbaycan dilində müxtəlif məqalə və video dərsliklər yazmağa başladım. Bu zaman dostlardan biri Technet.az portalını qurmuşdu, oturub söhbət etdik və qərara gəldik ki, mərkəzi bir resurs yaradaq. Bu sahənin mütəxəssisləri technet.az-ın ətrafına yığıldı. Portalda 700-ə yaxın məqalə var. Mənim də 100-ə yaxın məqaləm var. Ümumiyyətlə, İT sahəsində Azərbaycan dilində resurs son illər inkişaf etməyə, yaranmağa başlayıb. Amma yenə də çox azdır. 

- Öz işinizlə yanaşı, şəxsi bloqunuzu idarə edir və technet.az portalına da məqalələr yazırsınız. Necə çatdırırsınız? 

- Vaxt işə olan sevgidən asılıdır. Bəzən elə olur işdə nahara getmir, gecə yuxumdan kəsib məqalə yazıram. İşə olan sevgimə görə yuxuma haram qatmağım, ya da nahar etməməyim heç gözümə də görünmür. Digər tərəfdən, fikirləşirəm insanlara, cəmiyyətə fayda verim. Əgər bir gəncin hansısa səviyyəyə çatmasına kömək edirəmsə, məqaləmdən kimsə yararlanırsa, bu, mənim üçün böyük xoşbəxtlikdir. 

- Həm də müxtəlif seminarlarda treyner kimi iştirak edir, universitetlərdə seminarlar verirsiniz. Bu, öz təşəbbüsünüzdür?

- Bəli, öz təşəbbüsümdür. Bu sahədə çalışanlar bir araya toplaşaraq Texnologiya Azərbaycan Könüllü Dəstək Qrupu yaratmışıq. Microsoft və HP Şirkəti də bizə dəstək olur, yer ayarlayır və biz vaxtaşırı seminarlar təşkil edirik. Bizim üçün bunun maddi tərəfi maraqlı deyil. Məqsədimiz öyrətməkdir.

- Yaxşı sistem adminstratoru, İT sahəsində mütəxəssis olmaq üçün gənclərimizə nə məsləhət görərdiniz? Hər kəs sözügedən sahədə mütəxəssis ola bilərmi?

- Təbii ola bilər. Ancaq bunun üçün ilk növbədə həvəs və istək, ikinci növbədə zəhmət olmalıdır. Tələbələrimə deyirəm ki, bu sahəni seçmisinizsə, sizə rahat olmayacaq, müəyyən çətinliklərlə rastlaşacaqsınız. Bir də bu sahədə uğur qazanmaq istəyən İT sahəsinin hansı istiqamətini seçəcəyini dəqiqləşdirməlidir. Tələbə var, iş tapa bilmədiyini, İT-yə tələbat olduğundan bu sahəni öyrənmək istədiyini deyir. Mən bildirirəm ki, kursu qurtaran kimi ola bilər yaxşı maaş almayasan, hətta bir neçə ay pulsuz da işləyəsən. Amma bu sahəni seçib arxasında dayansan, daim mütaliə etsən müəyyən mövqe tutacaqsan və kifayət qədər qazancın olacaq. Bu sahədə əsas iş isə oxumaq, oxumaq, ancaq oxumaqdır. Çünki İT daim inkişaf edən sahədir. Biz burada söhbət edirik, bəlkə də bu dəqiqə nəsə kəşf olunur. Mən işdə də, evdə də oxuyuram. Oxumasam, olmur. Müxtəlif yaş qrupunda arxamca gələn həvəsli tələbələrim var. Əgər bir il oxumağı saxlasam, onlar gəlib məni keçəcəklər. Məcburən daim oxumalıyam ki, tələbələrimə nəsə öyrədə bilim, həmişə mənə müəllim kimi baxsınlar. Bir sözlə, İT sahəsində bir az geri qaldınsa, avtomatik olaraq geriyə düşəcəksən.

- Sizin iş dəqiqliyi sevir. Həyatda necə, dəqiqsiniz?

- Dəqiqlik və məsuliyyət mənim üçün çox önəmlidir və artıq həyatda da vərdişə çevrilib

- Uğur sirriniz nədir?

- Ən böyük uğur sirrim ailəmdir. Ailəm mənə həm maddi, həm də mənəvi baxımdan həmişə dəstək olub. Düşünürəm insana uğur gətirə biləcək insanlar onun ətrafındakılardır. 

Uğurumun bir səbəbi də budur ki, hər ilin əvvəlində qarşıma hədəflər qoyur və ilin sonuna qədər o hədəflərə çatmağa çalışıram. Qarşıma məqsəd qoymuşamsa, gecə yatmayıb məqsədimə çatmaq üçün çalışmalıyam. Heç bir şey hədəfimə çatmamağa bəhanə olmamalıdır. İlin sonunda isə özümə hesabat verirəm ki, hədəflərimin hansına, necə çatdım, çatmadıqlarımı niyə əldə edə bilmədim. Bu baxımdan özümə qarşı çox tələbkaram. Düşünürəm qarşına konkret hədəflər qoymayanda limansız gəmiyə bənzəyirsən, suda üzürsən, amma haraya gedəcəyini bilmirsən.

Uğurumun digər sirri də işimi sevməyimdir. Hansı sahəni seçməyindən asılı olmayaraq gərək işini sevəsən. Adam var ki, yaxşı maaş alır, amma o işdə xoşbəxt deyil. Elə iş seçməlisən ki, səhər duranda ağzını büzə-büzə “ehh, yenə işə gedirəm” deməyəsən. Şəxsən mən işimdən həzz alıram. İşim mənim üçün sevimli bir məşğuliyyətdir.

İsmayıl Məmmədov  


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar