Fontu böyüt:
İlin sonunadək AMEA İnformasiya Texnologiyaları İnstitutunda Verilənlərin Emal Mərkəzinin (VEM) işə salınması nəzərdə tutulur. Bu barədə məlumatı Trend-ə institutun texniki təchizat şöbəsinin müdiri Rəşid Ələkbərov verib.
Onun sözlərinə görə, hazırda mərkəzin binası tikilir. “Hesablama buludları” texnologiyasının xidmətlərindən ilkin olaraq AMEA-nın 35 elmi-tədqiqat institutunun əməkdaşları, gələcəkdə isə respublikanın bütün elm və ali təhsil müəssisələri istifadə edə biləcəklər. Adi fərdi kompyuterlərdə həll oluna bilməyən mürəkkəb məsələləri "Cloud computing" texnologiyasının xidmətlərindən istifadə etməklə asanlıqla həll etmək mümkündür.
"Layihənin həyata keçirilməsi üçün biz hazırda IBM və HP kimi dünya vendorları ilə danışıqlar aparırıq. Biz artıq onlara öz texniki tələblərimizi təqdim etmişik. Hesablamalarımıza görə, ilkin mərhələdə tərəfimizdən yaradılan DATA-mərkəzin məhsuldarlığı 1,5 Teraflops, operativ yaddaşın həcmi 700 Qiqabayt, xarici yaddaş massivin həcmi isə təxminən 20 Terabayt təşkil edəcək. Bu, bizim ilkin hesablamalarımızdır və əlbəttə ki, gələcəkdə ehtiyac yaransa, mərkəzin hesablama və yaddaş resursları artırıla bilər", - Ələkbərov qeyd edib.
Qeyd edilən xidmətlər "AzScienceNet" elmi kompyuter şəbəkəsi bazasında həyata keçiriləcək. Ələkbərovun sözlərinə görə, istifadəçilər "Cloud computing" texnologiyasının daha çox üç xidmətindən - SaaS (software -as -a -service), PaaS (Platform -as -a -service) və IaaS (Infrastructure -as -a -Service) - istifadə edə biləcəklər.