Fontu böyüt:
Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının mövcud tarifləri digər ölkələrlə müqayisədə dəfələrlə yüksəkdir.
«APA-ECONOMICS»in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlib.
Nazirliyin tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirovun verdiyi məlumata əsasən, belə vəziyyət əhalinin bu rabitəndən istifadə imkanlarını məhdudlaşdırır və nəticədə, Azərbaycan mobil telefondan istifadə göstəricilərinə görə dünyanın, o cümlədən MDB-nin bir çox ölkəsindən geri qalır.
Ə.Təmirovun sözlərinə görə, dünya praktikasında bazarda uzun müddət fəaliyyət göstərən və əhəmiyyətli bazar payına malik olan operatorların faktiki üstünlüyünü tarazlaşdırmaq, habelə bazarda haqsız rəqabətin qarşısını almaq məqsədi ilə yeni bazar iştirakçılarının xeyrinə assimetrik tənzimləmə siyasəti həyata keçirilir. Bununla yanaşı, mobil rabitə operatorları arasında arabağlantı tariflərinin endirilməsi son nəticədə mobil rabitə tariflərinin aşağı salınmasına imkan yarada bilər. Bunu nəzərə alaraq, Nazirlik «Azercell» və «Bakcell» şirkətlərinə müvafiq tövsiyələr verib, danışıqlar aparıb və nəticədə, «Azercell» bu tədbirlərin həyata keçirilməsi ilə bağlı artıq öz razılığını bildirib. Həmçinin, RİTN bununla bağlı Tarif Şurasına müvafiq təkliflər təqdim edib. Tarif Şurası tərəflərin razılığını nəzərə alaraq, antiinhisar siyasəti çərçivəsində arabağlantı tariflərinin azaldılmasını dəstəkləyib.
Bununla yanaşı, aparılan araşdırmalar nəticəsində məlum olub ki, GSM standartlı mobil rabitə xidmətləri bazarında rəqabətin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, tariflərin azaldılması və bu sahəyə əlavə investisiyaların cəlb edilməsinə bazara yeni daxil olmuş operatorla müəyyən güzəştli şərtlərin təqdim edilməsi ilə nail olmaq mümkündür. Hazırda bazarda fəaliyyət göstərən operatorların xidmətlərinin real maya dəyəri ilə bazara təqdim etdikləri tariflər arasında böyük fərq var və bunun aradan qaldırılması üçün bazara yeni daxil olmuş «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) xeyrinə assimetrik tariflərin tətbiqi gözlənilir.