İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı istifadəyə verilib.
İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən və yeddi dildə təqdim olunan internet saytı istifadəyə verilib. Sayt 40 bölmədən ibarətdir. Bölmələr Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ötən 10 ili əhatə edən hakimiyyəti dövründə bütün sahələrdə həyata keçirdiyi islahatların nəticələrini əks etdirir.
Bölmələrdə 300-dən çox məqalələr toplusu yerləşdirilib. Bu məqalələr həcmcə yığcamdır, eyni zamanda faktlar və rəqəmlər inkişaf dinamikasına dair göstəricilər üzərində qurulub. Sayt Azərbaycan, ingilis, rus, türk, alman, fransız və ispan dillərində təqdim olunur, internet texnologiyalarının ən yeni nailiyyətləri əsasında hazırlanıb və orijinal təqdimat üslubuna malikdir.
Saytın müəllifi - Azərbaycan, o cümlədən Qarabağ haqda ensiklopedik internet resurslarının müəllifi olan İlham Abduyev bildirib ki, sayt Azərbaycan dilindən əlavə, dünyanın 200-dən çox ölkəsinin 150-dən çoxunda anlaşılan altı aparıcı dildə yayılır. Onun sözlərinə görə, internetin hazırda informasiya və təbliğat vasitəsi kimi dünyada sürətlə artan rolunu nəzərə alaraq bu layihə Azərbaycan barədə həqiqətlərin dünyaya çatdırılmasında da mühüm vasitə ola bilər. Lakin sayt prezidentin gündəlik iş fəaliyyətinə dair məlumatları çatdırmaq mahiyyətindən uzaqdır. Müəllif xatırladır ki, bunun üçün prezidentin rəsmi internet saytı fəaliyyət göstərir: “Bizim məqsədimiz prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə görülmüş işlərə yekun vurmaq, eyni zamanda onun seçki təbliğatına dəstək vermək və Azərbaycanın növbəti beş ildə İlham Əliyevin prezident kimi fəaliyyəti sayəsində daha hansı uğurlar əldə edəcəyini göstərmək məqsədi daşıyır. Saytın hazırlanmasına və orada yer alan təhlillərin aparılmasına müxtəlif sahələr üzrə peşəkarlar, ekspertlər, o cümlədən xarici ekspertlər cəlb olunublar”.
Saytda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasının əsas müddəalarının yer aldığı xüsusi bölmə də var. Həmçinin məlum olur ki, sayt müntəzəm olaraq yenilənəcək, bu məqsədlə saytda ayrıca bölmə nəzərdə tutulub və orada 2020-ci ilə hədəflənmiş proqramların həyata keçirilməsi sahəsində görülmüş işlərin, həmçinin prezidentin qəbul etdiyi qərarların təhlili yer alacaq.
(ictnews.az)