Fontu böyüt:
Bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin (İB) qərargahında www.karabakh.az internet saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov saytın əhəmiyyətindən danışıb.
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, erməni siyasəti, Ermənistan rəhbərliyi dezinformasiyadan çəkinmir: “Bizim məqsədimiz isə ilk növbədə Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdan ibarətdir. Saytın yaradılması da belə təşəbbüslərdən biridir. Bu sayt sadəcə azərbaycanlılar deyil, hamı üçün vəsaitdir”.
Sayt haqda məlumat verən Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov bildirilib ki, www.karabakh.az internet resursu iki bölmədən ibarətdir. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına aid olan bölmədə icmanın yaranma tarixi, missiyası, strukturu, fəaliyyət istiqamətləri müxtəlif yazılar, nəşrlər, foto və videolarla əks etdirilir. Dağlıq Qarabağa aid olan bölmə, əsasən, Qarabağın tarixi, münaqişəyə gətirib çıxaran səbəblər, erməni terrorizmi, Xocalı soyqırımı, işğalın sosial-iqtisadi nəticələri, sülh quruculuğu prosesi haqqındadır. Eyni zamanda, Qarabağda dünyaya göz açmış məşhur şəxsiyyətlərə, regionun təbiəti, incəsənəti və mədəniyyətinə də xüsusi yer ayrılıb.
İnternet resursun əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti haqqında mütəmadi məlumatlar yaymaqdır. İnternet resursun həmçinin elektron kitabxanası da fəaliyyət göstərir. Saytı dörd dildə - Azərbaycan, rus, ingilis, erməni dillərində fəaliyyət göstərir və dünyanın ən kütləvi sosial şəbəkələrində xüsusi səhifələrlə təmsil olunur.