Fontu böyüt:
Latviya prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Latviyanın nəqliyyat və rabitə naziri Kaspers Gerxardsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və K.Gerxardsın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən iki ölkə arasında rabitə və İT sektorlarında əməkdaşlıq perspektivləri və mümkün əməkdaşlığın bir neçə istiqamətləri üzrə müzakirələr aparılıb.
Ə.Abbasovun sözlərinə görə, Azərbaycan tərəfini maraqlandıran bir neçə əsas istiqamət var. Belə ki, Qərbi Avropa ilə Sakit Okean regionunu birləşdirən optik rabitə magistralının qurulması layihəsi çərçivəsində hazırda diplomatik kanallarla danışıqlar aparılır və yaxın zamanlarda bu məsələnin BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarılacağı gözlənilir. Nazir məhz bu sahədə Latviyanın da iştirakının əlverişli olacağını düşünür. Bu baxımdan Azərbaycan Latviyadan layihə üzrə siyasi dəstək gözləyir. Nazir yaxın vaxtlarda bu məsələ ilə bağlı BMT-dəki müzakirələr qabağı son hazırlıq kimi Bakıda keçiriləcək beynəlxalq konfransa Latviyanı da dəvət edib.
Bundan əlavə, Latviyada yaradılmış və İT sektorda fəaliyyət göstərən şirkət və qurumları birləşdirən İT-klaster adlanan İctimai Birliklə ikitərəfli əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu vurğulanıb.
Görüşdə digər əməkdaşlıq istiqamətləri əsasən Latviyanın İT sektorda əldə etdiyi təcrübənin öyrənilməsi ilə bağlı olub. Latviyanın elektron hökumətin yaradılması sahəsində və «Microsoft» şirkəti ilə birlikdə «azsaylı dillər probleminin» həllində olan təcrübəsi Azərbaycan üçün faydalı ola biləcəyi qeyd olunub.
Beləliklə, görüşdə Azərbaycanla Latviya arasında əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub.