Fontu böyüt:
“Azercell Telekom” MMC-nin iştirakçısı və əsas tərəfdaşlarından biri olduğu “Start Up” layihəsinin ikinci mərhələsi yekunlaşıb. “Centr Znaniy” Azərbaycan tərəfindən reallaşdırılan bu layihənin qaliblərinin adlarının açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirib. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, mərasimdə giriş sözü ilə “Centr Znaniy”-ın direktoru Səbinə Legeyda çıxış edərək müsabiqə barədə, onun özəllikləri, keçirilmə qaydaları və nəticələrin müəyyənləşdirilməsi haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi gənc mütəxəssislərə seçdikləri ixtisas sahəsində peşəkar təlim almaq və əmək fəaliyyətinə başlamazdan öncə peşəkarların yanında çalışmaqla təcrübə qazanmaq şansı verməkdir.
“Start Up” layihəsinin rəhbəri Yevgeni Pasiçnyuk konfrans iştirakçılarını qaliblərin gələcəkdə keçəcəkləri hazırlıq mərhələsi, hər istiqamət üzrə nəzərdə tutulan tədris proqramları barədə məlumatlandırıb. Qeyd olunub ki, Azərbaycan tələbələrinin iştirak etdiyi bu layihə nəticəsində qalib seçilən 4 gənc informasiya texnologiyaları sahəsində tanınmış şirkətlərdə təlim keçəcəklər. Bunun üçün qaliblər “Centr Znaniy”dən hər biri 10 min ABŞ dolları civarında qrant almaq imkanını qazanıblar. Konfrans zamanı layihənin əsas partnyorlarından biri olan “Azercell Telekom” MMC də qalibləri təbrik edib.
Şirkətin Korporativ Əlaqələr və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə öz çıxışında “Azercell”in gənclər üçün nəzərdə tutulan bu cür layihələri dəstəklədiyini, təhsilə yönəlik proyektlərə yardım göstərilməsinin daim “Azercell” üçün prioritet fəaliyyətlərdən biri olduğunu bildirib: “Regionda ilk innovativ inkubator “Barama”, “Skills@Work” yarışması, “Azercell”-in təcrübə proqramı və dəstəklədiyimiz digər layihələrin əsas məqsədi gənclərimizin peşəkar bilik və bacarıqlara yiyələnməsi və “Azercell”-in təqdim etdiyi imkanlardan geniş faydalanmasıdır“. Ülviyyə Həsənzadə CCNP istiqaməti üzrə qalib seçilən Teymur Şamilova qrantı və şirkətin hədiyyəsini təqdim edib.
Qalib olan gənclərdən biri – Azərbaycan Dövlət Texniki Universitetinin tələbəsi Teymur Şamilov 1 il ərzində “Centr Znaniy”də təlim keçəcək. Bununla yanaşı, bu istedadlı gənc həm də layihənin əsas tərəfdaşından biri olan “Azercell Telekom” MMC-də informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə təcrübə toplayacaq. Təlim və təcrübə proqramı başa çatdıqdan sonra digər qaliblərlə yanaşı, T.Şamilov da beynəlxalq test mərkəzində imtahan verəcək. Konfransda Rabitə və İnformasiya Texnologiyaları, Təhsil Nazirliklərinin nümayəndələri, həmçinin “Start Up” layihəsinin digər partnyorlarının təmsilçiləri çıxış ediblər. Tədbirin sonunda qaliblərə və layihə iştirakçılarına “Centr Znaniy” tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Azercell” indiyə qədər təhsil sahəsinə dair bir çox layihələri dəstəkləyib. Həmçinin, gənclərimizin peşəkarlığının artırılmasına, onların gələcək karyerasını qurmalarına yardımçı olan bir sıra innovativ layihələrin təşəbbüsçüsü qismində çıxış edib.
mənbə ANSPRESS