Fontu böyüt:
“İrəli” Gənclik Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 83-cü il dönümünə həsr olunan tədbirlər silsiləsi ilə bağlı toplantı keçirilib.
Qurumun baş katibi Rauf Mərdiyev soyqırım haqqında danışaraq, ermənilərin Bakıda və Azərbaycanın digər bölgələrdə törədilən qətliamlara diqqət yönəldib. O deyib ki, bu hadisələr nəticəsində 12 min azərbaycanlı qətlə yetirilib, 10 min nəfər isə itkin düşüb. Sonra tədbirdə birliyin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış www.genocide.az saytı və www.31mart.wordpress.com bloqunun yenilənmiş versiyasının təqdimatı keçirilib.
Bu internet resurslarda istifadəçilər soyqırımla bağlı müxtəlif dillərə tərcümə olunmuş sənəd, kitab, video və foto materiallarla tanış olmaq imkanı əldə edəcək. Tədbir zamanı, həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “e-mail hücum” aksiyası da həyata keçirilib. Aksiya zamanı 10 mindən çox e-mail ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatlar göndərilib. E-mail bazasına beynəlxalq və yerli təşkilatların, KİV-in, müxtəlif media resursların ünvanları daxildir.