Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xarici kanalların Azərbaycanın efir məkanına müdaxiləsinin qarşısını almaq üçün Beynəlxalq Telekommunikasiya Təşkilatına müraciət edib. Bununla yanaşı, ötən ildən başlayaraq, sərhəd rayonlarında regional nəzarət idarələri yaradılıb ki, həmin idarələr xarici kanalların siqnallarının Azərbaycan ərazisinə daxil olması məhdudlaşdırılır.
Rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədovun ANS-ə verdiyi məlumata görə, nazirlikdə qeyri-qanuni digər qonşu ölkələrə məxsus kanalların efir məkanımıza müdaxilələri ilə bağlı yeni faktlar var və bunun qarşısının alınması istiqamətində hazırda ciddi işlər görülür.
“Beynəlxalq Telekommmunikasiya İttifaqı ilə danışıqların aparılması, eyni zamanda həyata keçirdiyimiz texniki tədbirlər öz bəhrəsini verib. Müdaxilə halları xeyli azalıb, bunun üçün bizim regional nəzarət bölmələrimiz var, sərhədboyu bir çox yerlərdə, məntəqələrdə 24 saat ərzində ölkənin efir məkanı nəzarətdə saxlanılır. Belə hallar onlar tərəfindən qeydə alınır və söylədiyim kimi həm hüquqi, həm də texniki tədbirlərin görülməsi üçün işlər aparılır. Müdaxilələr varsa, bunların qarşısı alınacaq, tədbirlər görüləcək”,- deyə Rabitə və informasiya texnologiyalari nazirinin birinci müavini İltimas Məmmədov bildirib.