Fontu böyüt:
Zeynal Məmmədli: “Qurum yaradıcılıq müstəvisinə müdaxilə edə bilməz”
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli telekanallarda şou proqramlarla bağlı vəziyyətin son günlər yenidən əvvəlki duruma qayıtdığını bildirib. Sədr bu səbəbdən də inzibati metodlara əl atmağa məcbur olduqlarını deyib. Onun sözlərinə görə, əgər şura inzibati metodlara əl atsa, telekanallar bundan zərər çəkəcək.
“Mən bununla onları qorxutmaq istəmirəm. Hələ ki, kanallara tövsiyələr verilir. Əgər şou proqramlarla bağlı vəziyyət belə davam eləsə, telekanallara elə zərbə dəyə bilər ki, həmin proqramlardan əldə etdikləri gəlirlər də heç olar. ”Televiziya və radio yayımı haqqında\\ qanundakı müəyyən maddələri tətbiq etsək, telekanalların vəziyyəti o qədər də yaxşı olmaz. Bu məsələ artıq şurada müzakirə olunur\\.
Maraqlıdır, sözügedən qurum belə bir addım ata bilərmi? Qanunvericilik buna imkan verirmi?
Media mütəxəssisi Zeynal Məmmədli bildirdi ki, bu açıqlama ilə bağlı bir neçə versiya səsləndirmək olar. Onun sözlərinə görə, ilkin variant MTRŞ-nin həqiqətən də nəsə etmək, bəzi şeyləri düzəltmək istəməsi, amma televiziya sahiblərindən çəkinməsidir. İkinci variant isə qurum rəhbərliyinin telekanalları cəzalandırmaq hüququnun olmadığını bilməsidir: “Qanunla bu qurum televiziyaların yaradıcılıq müstəvisinə müdaxilə edə bilməz. Onlar qanundan kənara çıxsalar, cəzalandırma baş verə bilər. Yəni dövlət sirrini yaysalar, müharibə təbliğatı ilə məşğul olsalar, şuranın ixtiyarı çatır ki, onları cəzalandırsın. Əks halda isə yaradıcılıq məkanında qeyri-professional müdaxilə gerçəkləşdirmiş sayılır ki, buna da ixtiyarı yoxdur”.
Bütün hallarda, reallıqlar və mənzərə MTRŞ-ın telekanalları cəzalandıra bilməyəcyini göstərir. Belədirsə, N.Məhərrəmlinin açıqlaması nəyə hesablanıb? Z.Məmmədlinin fikrincə, ortada çətin situasiya var. Müsahibimiz telekanalların tam nəzarətdə olduğunu və sözügedən açlqlamanın da onlara nəzarət edən şəxslərin eşitməsi üçün nəzərdə tutulduğunu düşünür: “Ən ağlabatan versiya isə elektron media ilə bağlı daha sərt mexanizmlərin tətbiq olunacağıdır. Halbuki təzyiq nəticəsində telekanallar daha çox səhvə yol verə bilərlər. Futbol komandasının baş məşqçisi futbolçuları nə qədər çox danlayırsa, onlarla nə qədər kobud rəftar edirsə, futbolçular bir o qədər pis oynayırlar”.
Z.Məmmədli sonda onu da dedi ki, yaranmış situasiya ilə bağlı ən ağlabatan izahat isə görüntü yaratma cəhdidir. Müsahibimizin sözlərinə görə, ictimaiyyətdə televiziyalarla bağlı narazılıqların, gərginliyin çox olduğunu görən hakimiyyət “gəlin imitasiya edək ki, nəsə edirik” taktikasını yeridir. Ekspert hesab edir ki, əks halda bu tənqidlərin bir nəticəsi olmalıydı. // http://musavat.com