Fontu böyüt:
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) internet provayder şirkəti olan «Uninet» MMC-nin keçirdiyi uduşlu kampaniyasının qeyri-qanuni olduğunu bildirib.
QKDK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Komitə «Lotereyalar haqqında» qanun və öz əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir. Aparılmış nəzarət tədbirləri nəticəsində «Uninet» şirkəti tərəfindən «Yeni ili Dubayda keçir» adlı uduşlu kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib. Bununla əlaqədar olaraq QKDK tərəfindən «Uninet»dən bu kampaniyanın lotereyalar sahəsinə aidiyətinin araşdırılması məqsədilə müvafiq sənədlərin QKDK-ya təqdim edilməsi və araşdırma başa çatanadək həmin kampaniyanın dayandırılması tələb olunub.
Şirkət tərəfindən bu tələb yerinə yetirilmədiyindən və lotereyaların təşkil olunması sahəsində qanunvericiliyin tələbləri pozulduğundan QKDK «Uninet» MMC ilə bağlı inzibati məsuliyyətə cəlb olunması üzrə prosedurlara başlayıb.
Qeyd edək ki, QKDK «Uninet» tərəfindən keçirilən «Yeni ili Dubayda keçir» kampaniyasının qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu kampaniyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.