Bu ilin əvvəli üçün Azərbaycanda dövriyyədə olan aktiv plastik kart sayı 4,6 mln olub.
Maraqlıdır ki, kartların 85%-i ölkədəki 44 bankdan ikisinin payına düşür. Belə ki, Kapitalbank-ın 2,1 mln, Azərbaycan Beynəlxalq Bankının 1,9 mln kartı var. Bu bankların kartlarının mütləq əksəriyyəti pensiya və maaş kartıdır.
Bu ilin əvvəli üçün Azərbaycanda dövriyyədə olan aktiv plastik kart sayı 4,6 mln olub.
Maraqlıdır ki, kartların 85%-i ölkədəki 44 bankdan ikisinin payına düşür. Belə ki, Kapitalbank-ın 2,1 mln, Azərbaycan Beynəlxalq Bankının 1,9 mln kartı var. Bu bankların kartlarının mütləq əksəriyyəti pensiya və maaş kartıdır. Birinci bankın sahibi prezident İlham Əliyevin qohumu olan Paşayevlər ailəsidir, ABB-nin səhmlərinin 50,2%-i dövlətindir.
4,7 mln əhalisi olan Gürcüstanda dövriyyədə 4 mln kart var. 2011-ci ildə onların vasitəsilə 49,5 mln əməliyyat keçirilib. Bizdə həmin dövrdə 50 mln tranzaksiya həyata keçirilib. Gürcüstanda əməliyyatların 58,3%-i, Azərbaycanda 90%-i nağd pul çıxarılması əməliyyatıdır. Müqayisə üçün Rusiyada bu göstərici 56,7% olub. Nağd pul çıxarılması ilə bağlı olmayan POS terminallar vasitəsilə əməliyyatlar 3%-dən az olub. Halbuki statistikaya əsasən, ölkədə 13 min POS terminal var. 2011-ci ildə onlar 70% artıb. Ekspertlər bildirir ki, bu gün POS terminalların qurulması işi deklorativ xarakter daşıyır. Bir çox hallarda xidmət sahəsi obyektlərində hər ay bu avadanlıqdan passiv istifadəyə görə cərimə ödəməyə üstünlük verirlər. Məşhur mağaza şəbəkələrindən birinin təmsilçisi Turan-a bildirib ki, krediti POS terminal vasitəsilə ödəməyə cəhd edəndə deyiblər ki, bu əməliyyat POS terminallarla həyata keçirilmir. Amma müştərinin israrını görüb satıcı əməliyyatı keçirməyə razılıq verib, bir şərtlə ki, gələcəkdə aldığı malın pulunu nağd ödəsin.
Kart bazarının inkişafına təsir edən vacib amillərdən biri kartların özünün əlçatanlığıdır. Bu istiqamətdə Azərbaycan bankları nəsə etmək istəyirlər. Bir sıra banklar müştərilərə pulsuz kartlar təklif edir. Amma ilkin üzvlük haqqı ödənilməklə. Bu məbləğ 20-200 manatdır. Ən ciddi problem nağdlaşdırma zamanı meydana çıxır. Müqayisəli analiz göstərir ki, bizim tariflər Zaqafqaziyada ən rəqabətə davamsızdır. Ermənistan və Gürcüstanda bankomatlardan nağd pul çıxarılanda məbləğin 0.2%-0,5%-i, Azərbaycanda 0,8%-1%-i tutulur. Bununla kifayətlənməyən Azərbaycan bankları hər əməliyyat üçün minimal ödəniş alırlar. Tranzaksiya məbləğindən asılı olaraq onlar 0,20 manatdan 1,5 manata qədər pul tutur. Bankların əksəriyyəti 80 qəpik alır. Qafqazda bu praktikadan yalnız Azərbaycan bankları istifadə edir. Bu isə tranzaksiyaların sayına təsir edir. Məsələn, müştəri yüz manatı 5 tranzaksiya ilə çıxarmaq istəyirsə, bir dəfəyə çıxarılandan 4 dəfə çox komissiya ödəməli olur. Yerli banklar bu zaman hansısa xərcləri bəhanə edirlər. Görünür, Ermənsitan və Gürcüstan banklarında bu, nədənsə yoxdur. Halbuki Azərbaycanda 5 prosessinq mərkəzi var.
Faktlar göstərir ki, nağdsız əməliyyatların stimullaşdırılmasına yönəldilən tədbirlər yalnız gurultulu sözlərdir. Bu gün Vergilər Nazirliyi öz işini POS terminal qurmağa məcbur etməkdə görür. Onlardan istifadəyə nəzarət olunmur. Halbuki kassa aparatlarına nəzarət real nəticələr vermişdi. Digər tərəfdən, büdcə təşkilatlarının ölkənin ali rəhbərliyi ilə bağlı olan banklara yönəldilməsi çətin ki plastik kart bazarının keyfiyyət artımına kömək etsin. (Turan)