Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Qax rayonunun ümumtəhsil məktəblərinin “informatika” fənnini tədris edən müəllimləri üçün tədris kursları keçirir.
Treninqlərin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması və İKT sahəsində milli kadrların hazırlanmasıdır.
RITN-in təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun müəllimlərinin iştirakı ilə keçirilən tədris kursları HP şirkəti tərəfindən dəstəklənir. 03 iyul tarixində başa çatacaq tədris kurslarının üçüncü və son mərhələsinin yekunlarına görə avtomatlaşdırılmış qaydada test imtahanlarının keçirilməsi və “Ən yaxşı informatika müəllimi” müsabiqəsinin qaliblərinin müəyyən edilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Qax rayonunun ümumtəhsil məktəblərinin “informatika” fənninin müəllimləri üçün treninqlərin I və II mərhələləri 5-15 yanvar və 23-31 mart 2009-cu il tarixlərində keçirilmişdir. İndiyə qədər bu cür tədris kursları Goranboy və Tərtər rayonlarında da təşkil olunmuşdur.Gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfdaşları ilə birgə belə tədris kurslarını digər regionlarda da keçirməyi planlaşdırır.