Fontu böyüt:
Mayın 3-də Bakıda Microsoft korporasiyasının qlobal təşəbbüsü olan İnnovasiyalar Günü keçiriləcək. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, 2011-ci ilin ən iri tədbirlərindən biri olan İnnovasiyalar Günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Microsoft Azərbaycan, həmçinin Azərbaycanın Ultra və Azerin şirkətləri tərəfindən birgə təşkil olunacaq.
Tədbir zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “e-İmza” layihəsinin rəsmi təqdimatı keçiriləcək. Həmin layihə çərçivəsində Azərbaycanda elektron imzanın geniş şəkildə tətbiqi üçün Microsoft texnologiyası bazasında müvafiq platform yaradılıb. Sözügedən layihə Azerin, Microsoft Azərbaycan və Ultra şirkətlərindən ibarət konsorsium tərəfindən reallaşdırılıb.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, həmçinin informasiya texnologiyaları sahəsinin mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, Microsoft İnnovasiyalar Günü Azərbaycanda ənənəvi olaraq 2007-ci ildən keçirilir.