Fontu böyüt:
“Google” ilə rəqabət aparırlar
İnternetin ən iri sosial şəbəkəsi “Facebook” və “Microsoft” korporasiyası internet-axtarış sahəsində əməkdaşlıqlarını genişləndirdiklərini elan ediblər.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft”un “Bing” axtarış sistemi “Facebook” istifadəçilərinin müxtəlif istiqamətlər üzrə üstünlüklərini nəzərə alacaq və bu tip məlumatları daha konkret nəticələrin təqdim olunması üçün istifadə edəcək.
İndi “Bing” istifadəçiləri onların “Facebook”dakı tanışlarının “Like” (beyəndim) funksiyası vasitəsilə nişana aldıqları keçidləri axtarış nəticələrində görə biləcəklər. Bundan əlavə, “Facebook”la inteqrasiya sayəsində “Bing” axtarış nəticələrində sosial şəbəkənin istifadəçilərinin səhifələrinə baxmaq mümkün olacaq.
Yeni imkanlardan hələ ki, yalnız ABŞ istifadəçiləri yararlana bilir. Digər ölkələrdə bu funksiyaların yaxın aylar ərzində tətbiq olunması nəzərdə tutulub. Analitiklərin fikrincə, “Bing”in bu cür “sosiallaşmadan” sonra bazarda payı çox güman ki əhəmiyyətli dərəcədə artmayacaq. Lakin 500 milyon istifadəçisi olan sosial şəbəkə ilə tərəfdaşlıq “Microsoft”un axtarış sisteminin hələlik bu cür imkanları olmayan “Google” şirkətinin servisindən fərqlənməsinə kömək edəcək.