Fontu böyüt:
“Palmali” Şirkətlər Qrupu rus dilində yeni xəbər saytı yaradıb. Palhaber.az ünvanında yerləşən sayt “Palmedia”nın (şirkətlər qrupuna məxsus media təsisatıdır) Azərbaycan nümayəndəliyinə aiddir. Saytın redaktoru, “Palmedia”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Quliyevdir.
E.Quliyevin “Media forum” saytına bildirdiyinə görə, hazırlıq işləri yekunlaşmaq üzrədir: “Yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacağıq. Bir həftə-on gün sonra açıq yayıma keçəcəyik”.
Redaktorun sözlərinə görə, saytın kollektivi üçün “Palmali” şirkətinə məxsus ofislərdən birində yer ayrılıb: “Saytda fəaliyyət göstərmək üçün xeyli peşəkar jurnalistlə danışıqlar aparmışam. Onlardan bəzilərinə ştat üzrə iş, bəzilərinə isə əməkdaşlıq təklif etmişəm”.
E.Quliyevin fikrincə, xarici dildə Azərbaycan xəbər saytlarının çox olması ölkə üçün xeyirlidir: “Bu, Azərbaycan həqiqətlərinin daha geniş məkanda yayılmasına şərait yaradır. Bizim sayt orijinallığı ilə başqa saytlardan fərqlənəcək. Bu orijinallıq və “Palhaber.az”da çalışacaq jurnalistlərin peşəkarlığı rusdilli xəbər saytları arasındakı rəqabətə davam gətirməyimizə imkan verəcək”.
Emil Quliyev “Exo”, “Kaspiy” qəzetlərində işləyib. Son üç ildə “Day.az” saytında fəaliyyət göstərib. MediaForum