Fontu böyüt:
Azərbaycanda Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) fəaliyyətə başlayıb.
Xeberler.az ictnews-a istinadən məlumat verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən ÜRİS bir sıra problemləri aradan qaldıracaq. Artıq informasiya sisteminə məlumatların daxil edilməsi və onlardan istifadə mexanizmi barədə Texniki Reqlament də təsdiqlənib. ÜRİS-də daşınmaz obyektlər barədə məlumatlar toplanacaq və bura vahid ünvan mənbəyinə çevriləcək.
Komitənin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov sözügedən məsələ ilə əlaqədar açıqlama verərkən bildirib ki, Texniki Reqlamentə əsasən, sistemə daşınmaz əmlak obyektlərinin ünvan məlumatlarının daxil edilməsi, təsdiqi və yenilənməsi operator tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, küçə və prospektlərin adları da yerli icra hakimiyyəti orqanlarının müvafiq məlumatları əsasında operator tərəfindən daxil edilir və ya dəyişdirilir:
"ÜRİS-in operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir. Sistem vasitəsilə daşınmaz əmlak obyektlərinə ünvan verilir. Bura küçə və prospektlərə verilmiş və ya dəyişdirilmiş adın daxil edilməsi, yaşayış, qeyri-yaşayış, torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin verilməsi aiddir".
Sözügedən sistemdə çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış və torpaq sahələrinin girişlərinə ünvanların təyin edilməsi və bazaya daxil edilməsi qaydalarından danışan Q.Xəlilov qeyd edib ki, bu proses çox sadədir:
"Bunun üçün giriş ünvanının aid olduğu şəhər, rayon, qəsəbə, kənd seçilir, sahənin hüdudları daxilində ünvan təyin edilir. Bu zaman giriş ünvanı ilə bağlı coğrafi yerləşmə göstəriciləri sistem tərəfindən yazılır, uyğun mətn məlumatları isə müvafiq qaydada əl ilə daxil edilir. Məlumatların düzgünlüyü yoxlanılaraq təsdiq edildikdən sonra sistemə qəbul olunur. Yanlışlıq aşkarlandığı təqdirdə məlumatlar istifadəçiyə qaytarılır. Edilmiş dəyişikliklər təsdiqləndikdən sonra qüvvəyə minir".
ÜRİS-in "24 saat/7 gün" rejimində fəaliyyət göstərdiyi nəzərə alınaraq proqram və informasiyaların təhlükəsizliyi üçün müəyyən tədbirlər görülür. Şöbə müdiri qeyd edib ki, fövqəladə hallarda müvafiq əməliyyatlar ehtiyat serverlərdə aparılacaq. Sistem informasiya texnologiyalarının inkişafına və istifadəçi qurumların artan tələbatına uyğun olaraq təkmilləşdiriləcək.