Azərbaycanda İT sektorunun gəlirləri 10 ildən sonra ölkənin ümumi daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
O.Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də
Azərbaycanda İT sektorunun gəlirləri 10 ildən sonra ölkənin ümumi daxili məhsulunun təxminən 10%-ni təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rusiyanın «Rossiyskaya qazeta» nəşrinə müsahibəsində bildirib.
"Beynəlxalq təşkilatlar ölkəmizdə İKT sahəsinin inkişaf perspektivlərinə çox nikbin yanaşırlar. Onların proqnozlarına əsasən, sahə islahatlarının davam etdirilməsi və xüsusilə potensial investorlar üçün imtiyazlı şəraitin yaradılması 2025-ci ilə İKT sahəsinin gəlirlər səviyyəsini ölkə ÜDM-nin 10%-inədək çatdırmağa imkan verəcək. Bu isə dünyanın inkişaf etmiş ölkələrində sahə üzrə nəzərdə tutulan gəlir səviyyəsi ilə uyğun gəlir, - deyə nazir müsahibəsində bildirib.
Nazir Ə.Abbasovun bu fikirlərinin dərəcədə reallığa uğyun ola biləcəyini sahə üzrə tanınmış ekspert Osman Gündüzdən soruşduq.
O.Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də bir sıra mühüm göstəricilər var ki, onlar bu tədbirlərin nəticəsini əyləcləyir.
"Birmənalı olaraq bunu dəyərləndirmək çətindir. Ona görə ki, bunu zaman göstərər. Amma son dövrlərdə bu sahədə müəyyən pozitiv düşünməklə bağlı, optimist yanaşmaqla bağlı müəyyən əsaslar var.
Məsələn, son dövrlərdə dövlət büdcəsindən İKT-yə ayrılan vəsaitlər, bu ilin İKT ili elan olunması, telekommunikasiya peykinin orbitə buraxılması, eyni zamanda İKT sahəsində bir neçə dövlət proqramları qəbul olunub, elektron hökumət dövlət proqramı bu gün-sabah qəbul olunur, İT üzrə kadrların hazırlanması üçün universitetin yaradılması və sair.
Ümumiləşdirib elə deyə bilərəm ki, bu istiqamətdə ali hakimiyyət tərəfindən müəyyən ciddi addımlar atılıb. Amma bir tərəfdən də "belə şeylər olacaq" deyə bir şey yoxdir. Nəyə görə? Bizdə hələlik bu sahədə ciddi problemlər var. Birinci məsələ budur ki, hələ də bu sahədə sərbəst rəqabət yoxdur.
Bu deyilənlərdə o zaman uğur əldə etmək olar ki, bu bazarda sərbəst, azad rəqabət olsun. Bu yoxdur. Bu da RİTN-nin özünün funksiyaları ilə bağlıdır, buna aydınlıq gətirilməlidir. Hələ də RİTN bu bazarda hegemon mövqe tutur. Yəni nazirlik kommersiya ilə, dövlət idarəetməsi və tənzimləmə ilə məşğuldur. 3 funksiyanın üçü də nazirlikdə var.
Məsələn, biz indi müşahidə edirik ki, bir sıra kommersiya yönümlü layihələr var ki, nazirliyin qurumları həyata keçirir. Məsələn, nazirliyin nəzdindəki nəhəng qurum olan Məlumat Hesablama Mərkəzi. Biz son dovrlərdə müşahidə edirik ki, bu nəhəng dövlət qurumu kommersiya qurumuna çevrilir. Bu bazarda rəqabətin qarşısını alan amillərdən biridir. İkinci ciddi problem investisiya qoyuluşları ilə bağlıdır.
Bazarda indiyədək əsas investisiyaları mobil operatorlar qoyub, bu göstərici 70-80%-dək onların payına düşür. Amma özəl sektorda internet sahəsində ciddi yatırımları müşahidə etmirik.
Bizdə investorlar tikiniyə, şadlıq evlərinə, və sair yerlərə investisiya qoyur, amma İKT layihələrinə investisiyaları müşahidə etmirik. Həm dövlət tərəfindən, həm də digər şəxslər tərəfindən bu müşahidə olunmur. Bu da olmayanda bu bazarın inkişafı haqqında ciddi fikir söyləmək olmur.
Üçüncü amil infrastrukturla bağlıdır. Düzdür, bu sahədə bizdə son dövrlər müəyyən addımlar atılır, amma mən hesab edirəm ki, həm internet infrastrukturunda, həm də özəlləşdirmə ilə bağlı ciddi problemlər qalmaqdadır.
Məsələn, telekommunikasiya məkanında dövlət sektorunun xüsusi çəkisi çox yüksəkdir. Aztelekom, Baktelekom və digərləri dövlətə məxsusdur. Yəni infrastrukturda müəyyən liberallaşdırma aparılmalıdır.
Həmçinin, ciddi kadrların hazırlanmasına diqqət yetirilməlidir", - deyə Deyerler.org-a açıqlamasında O.Gündüz bildirib.