Fontu böyüt:
Azerfon MMC Caspian Integration Award Beynəlxalq mükafatının qalibi elan edildi. Təqdim olunan mükafat Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) tərəfindən təsis edilib və hər il beynəlxalq şirkət və təşkilatlara təqdim edilir. Mükafatın qalibləri Xəzər – Qara Dəniz və Baltik regionlarında fəaliyyət göstərən 32 ölkənin 1 500 şirkətində çalışan 7 500 TOP-menecer arasında aparılan sorğu nəticəsində təyin olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev CEİBC – nin fəxri sədridir.
Mükafatı şirkətin direktorlar şurasının üzvü cənab Cüneyt Türktana Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov təqdim etdi. Mükafatı qəbul edərkən, cənab Türktan qeyd etdi ki, dünyanın mobil rabitə operatorları arasında lideri olan Vodafone şirkəti ilə birlikdə ölkənin mobil rabitə bazarında 3G texnologiyasını təqdim etməklə Azerfon şirkəti Azərbaycanın kommunikasiya sahəsində yeni dövrün təməlini qoymuşdur. “Azerfon şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatorudur. Biz sayı günü-gündən artan abunəçilərimizə ən yaxşı qiymətlər və keyfiyyətli xidmətlər təqdim edirik. Bu mükafatı biz ölkənin mobil bazarında əldə etdiyimiz uğurların təcəssümü kimi qiymətləndiririk.”
İlin Mobil Operatoru nominasiyasından əlavə, şirkət həmçinin 3G Texnologiyasının tətbiqinə görə Texnoloji Lider mükafatına da layiq görülüb. Mükafatı Azerfon-Vodafone direktoru xanım Leyla Nəsrullayevaya Nazir Əli Abbasov təqdim etdi. Leyla Nəsrullayevanın sözlərinə əsasən, məhz Azerfon-Vodafone istifadəçiləri video-zəng, verilənlərin yüksək sürətlə ötürülməsi, təkmilləşdirilmiş səs keyfiyyəti, habelə genişləndirilmiş əhatə dairəsi kimi 3G xidmətlərindən bəhrələnə biləcək ilk Azərbaycan istifadəçiləri oldular.
3G xidməti müştəriləri genişzolaqlı mobil xidmətləri ilə təmin edir. Verilənlərin 384 Kbit/s-dək ötürülməsi sürətinə malik olan 2G standartlardan fərqli olaraq 3G texnologiyası Azerfon-Vodafone müştərilərinə verilənlərin 3,6 Mbit/s-dək ötürülməsi sürətini təmin edir. Azerfon Vodafone şirkətləri arasında imzalanan tərəfdaşlıq rabitə sahəsində yeni mərhəllə deməkdir. Məhz buna görə Azərbaycan abunəçiləri Vodafone-nun təqdim elədiyi qabaqcıl xidmətlərindən istifadə edə bilərlər.
Vodafone-un rominq şəbəkəsinin bütün üstünlüklərindən yalnız Azerfon-Vodafone abunəçiləri yararlana bilər ki, bu da Azərbaycan abunəçilərinə Azerfon-Vodafone rominq tarif planlarını ən sərfəli edir.