Fontu böyüt:
Ötən həftə Böyük Britaniyada sonuncu televizor yığılıb. Yaponiyanın Toshiba şirkətinin İngiltərənin cənub-qərbində yerləşən Plimut şəhərindəki televizor zavodu bağlanıb, zavodun istehsal xətləri isə Polşaya köçürülür. Bununla da müasir televiziyanın kəşf olunduğu ölkədə televizor istehsalına son qoyulub.
APA-nın məlumatına görə, britaniyalıların əksəriyyəti bu xəbəri «dünyanın emalatxanası» sayılan Birləşmiş Krallığın sənayesizləşdirmə prosesinin davamı kimi qiymətləndiriblər. Qeyd edək ki, dünyada ilk televiziya sistemi şotlandiyalı mühəndis Con Loci Berd tərəfindən yaradılıb. Hələ 1926-cı ilin yanvarında o, London Kral İnstitutunda kəşfini elmi dairələrə və ictimaiyyətə açıqlayıb.
Bir çoxları hesab edir ki, müasir televiziyanın tarixi məhz o vaxtdan başlayır.Bu hadisədən sonra Böyük Britaniya həm televiziya texnologiyalarının, həm də güclü kütləvi informasiya vasitəsinin mənimsənilməsi sahəsində liderliyi ələ keçirib. Kütləvi istehlak üçün nəzərdə tutulan ilk televizorlar da məhz bu ölkədə istehsal olunub, 1929-cu ilin sentyabrından isə ölkədə teleyayım başlayıb.