Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin tətbiqi zamanı elektron-kart ödəmə sistemi tətbiq ediləcək
Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin tətbiqi zamanı elektron-kart ödəmə sistemi tətbiq ediləcək. Bunu Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov AzərTAc-a müsahibəsində deyib.
Elektron-kart ödəmə sistemi ilə avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında və digər ictimai obyektlərdə quraşdırılacaq post-terminallar vasitəsilə sərnişinlər nəqliyyatın bütün növləri üzrə optimal marşrutlar haqqında məlumatlandırılacaqlar. Eyni zamanda, post-terminallarda seçilmiş marşrut üzrə biletlərin mərkəzləşdirilmiş satışının həyata keçirilməsi yolu ilə sərnişinlərə müasir servis xidmətinin göstərilməsinin təmin edilməsi də nəzərdə tutulub.
O həmçinin qeyd edib ki, İntellektual İdarəetmə Sistemi marşrutlar üzrə avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsinə, avtomatik rejimdə sürücülərə nəzarətin həyata keçirilməsinə, avtobusların hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşməsinə, “pik” saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək.
Bundan əlavə, yeni sistem avtomobillərin sıxlığından asılı olaraq svetoforların tam avtomatik idarə olunmasına, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə edilməsinin təşkilinə imkan verəcək.