Fontu böyüt:
Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin yerli telekanallarla bağlı tənqidi məqaləsindən sonra bu mövzuda çoxlu sayda tədbirlər, dəyirmi masalar keçirilib. ATV telekanalında isə vəziyyəti düzəltmək üçün Ekspert Şurası yaradılıb. Amma bir tamaşaşı kimi ümumi mənzərənin çox da dəyişmədiyini deyə bilərik. Maraqlıdır, müvafiq qurum bu istiqamətdə hansısa monitorinq, araşdırma aparıbmı? Nəticələr nə deyir? Tənqiddən hansı telekanal, necə nəticə çıxarıb?
Milli Televiziya və Radio Şurası(MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trendə açıqlamasında PA rəsmisinin sözügedən iradlarından sonra televiziya və radioların fəaliyyətində müsbət istiqamətdə müəyyən irəliləyişlər baş verdiyini deyib. O, “bu irəliləyiş bizim gözlədiyimiz səviyyədə olmasa da, proses gedir, radioların verilişlərindəki nöqsanlar aradan qaldırılır” söyləyib. Məhərrəmlinin sözlərinə görə, televiziya kanallarının bəzilərində mövzular dəyişdirilib, bəziləri öz fəaliyyətlərində dəyişiklik edirlər. “Amma gözləntilərimiz çoxdur”, - şura sədri əlavə edib.
Telekanalların fəaliyyətinə daha ciddi nəzarət etmək imkanı yaradılması üçün MTRŞ-nin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflərə gəldikdə, Məhərrəmli deyib ki, onlar inzibati yolla yaradıcılıq işlərinə qarışmaq istəmirlər.
“Lakin bu məsələ gündəmdədir və bunu qanunverici orqan həll etməlidir. Bizi vaxtilə hansısa səlahiyyət istəməkdə qınayırdılar. Vaxtında həmin səlahiyyətlər verilsəydi, indiki problemlər də ortaya çıxmazdı”, - şura rəhbəri vurğulayıb.
Məhərrəmli qeyd edib ki, noyabr və dekabr aylarında Elektron mediaya yardım fondu ilə birgə treninqlər keçiriləcək.
“Tədbirdə televiziya və radio üzrə tanınmış mütəxəssislər və telekanalların proqram siyasətinə məsul olan şəxsləri, aparıcılar iştirak edəcəklər”, - o deyib.
MTRŞ-nin monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, telekanallarda şou verilişlərinin sayının azalması baxımdan ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, yeganə olaraq, ATV bu yöndəki verilişlərini azaldıb: “ANS-də isə əksinə, yeni əyləncəli verilişlər çıxıb. Məsələn, ”Toylar kraliçası daha şövqlə davam edir. “Qırmızı-qırmızı” da onun kimi. “El bilir ki” verilişinə isə aparıcı, müğənni Elnarənin səhhətinə görə fasilə veriblər. Yəni, ANS-də xüsusi dəyişiklik yoxdur.
Müsahibimiz bildirdi ki, telekanalların mədəni-maarifçilik verilişlərinə daha çox yer verməsi baxımdan da irəliləyiş nəzərə çarpmır. Sadəcə, efirdə tək-tük yeni sənədli filmlər, teatr tamaşaları görünməyə başlayıb: “Müsbət dəyişiklik ATV-də özünü göstərir. Orda aparıcıların davranışında, verilişlərdə müzakirə olunan mövzularda böyük fərq nəzərə çarpır. Təbii, biz də düşünürük ki, birdən-birə bütün problemləri həll etmək mümkün deyil. Amma şou verilişlərinin sayının azaldılması ilkin gözlənilən addımdır”.
T.Dadaşov həmçinin vurğuladı ki, yuxarıda dedikləri monitorinqin yekunları yox, sadəcə, ilkin təəssüratlardlr. Müsahibimiz bir həftə sonra monitorinq nəticələrini ictimaiyyətə təqdim edəcəklərini vurğuladı.
Xatırladaq ki, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.