Milli İnternet Mükafatı - Milli Net 2013 Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda cari il üçün Milli İnternet Mükafatına 23 sentyabr tarixdə start verilməsi qərara alınıb.
Milli İnternet Mükafatı - Milli Net 2013 Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda cari il üçün Milli İnternet Mükafatına 23 sentyabr tarixdə start verilməsi qərara alınıb.
Toplantıda Milli Net 2013 Müsabiqəsinə hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.
Bu ilki yarışmada 2 yeni Nominasiya daxil edilib.
Müsabiqənin Qaydalarında dəyişikliklər edilib.
Müsabiqəyə təqdim edilən saytların daha keyfiyyətli qiymətləndirilməsi məqsədilə Meyarlar hazırlanıb.
Həmçinin Qaydalara uyğun olaraq Münsiflər Komissiyanın tərkibində dəyişikliklər edilib və yeni üzvlər qəbul edilib. Qəbul edilən bütün yeni sənədlər və dəyişikliklərlə bağlı zəruri məlumatlar artıq www.millinet.az saytında yerləşdirilib.
Bu ilki yarışmanın 14 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb.
Milli Net 2013 aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:
1. Korporativ sayt
2. İctimai və sosial saytlar
3. İnformasiya və Media
4. Mədəniyyət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Dövlət və bələdiyyə saytları
10. Xidmət-servis
11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
12. Ən yaxşı sosial şəbəkə səhifəsi
13. Elektron hökumət
14. İnnovasiyalar və Texnologiyalar
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırılması vacibdir.
Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 23 noyabrda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2013 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Müsabiqəyə RİTN, Azercell və Delta Telecom şirkətləri tərəfindən dəstək verilir.
Geniş məlumat : www.millinet.az