Fontu böyüt:
Avropa Yayım Birliyinin (EBU) TV direktoru Byorn Erixsen (Bjorn Erichsen) istefa verib. APA-nın EBU-nun təşkilatçılığı ilə keçirilən “Eurovision” müsabiqəsinin rəsmi internet saytı olan eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, B. Erixsen səkkiz il bu vəzifəni icra edib. Bu gün istefa verdiyini açıqlayan B. Erixsen bu addımının səbəbini belə açıqlayıb: “Hər bir insan vəzifədən öz istəyi ilə, zamanında ayrılmalıdır. Hesab edirəm ki, mənim də bu vəzifədən ayrılmaq vaxtım çatıb. Bu müddət ərzində bu vəzifədə bütün gücümlə çalışdım. Ailəm Danimarkaya qayıtmağıma çox sevinəcək”.
“Eurovision” müsabiqəsi ilə bağlı fikirlərini bölüşən B. Erixsen müsabiqənin həm iştirakçı ölkələrin Yayım Şuraları, həm də dövlətlərin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsindən razılığını dilə gətirib. O bildirib ki, hər il bu müsabiqə qalib təmsilçinin ölkəsində keçirilir və həmin ölkə yarışmanı ən yüksək səviyyədə təşkil etməyə cəhd göstərir: “Bu isə “Eurovision”un önəmindən və müsabiqəyə maraqdan xəbər verir”.
B. Erixsen 2003-cü ildən keçirilən “Eurovision Junior” müsabiqəsindən də söz açıb: “Bu müsabiqənin formatını Danimarkadan götürmüşəm. İlk illərdə bu müsabiqə real hitə çevrilmişdi. Ancaq hazırda çətinliklərlə üzləşir”.
O, “Eurovision” müsabiqəsi üzərində professional komandanın çalışdığını da vurğulayıb.
Qeyd edək ki, B. Erixsen 1981-1991-ci illərdə Danimarkada tanınmış televiziya prodüseri olub. 1991-ci ildə Kopenhagendə Avropa Film kollecini yaradıb. 2001-ci ildən isə EBU-nun televiziya departamentinin rəhbəri vəzifəsinə dəvət edilib.
Onu da bildirək ki, B. Erixsenin xələfinin adı yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, B. Erixsen “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədilə keçirilən milli final gecəsində iştirak üçün ölkəmizdə bir neçə günlük səfərdə olub.