Fontu böyüt:
“Azərbaycanda da İKT ilə məşğul olan şirkətlərə vergi tətbiq olunmasa daha ciddi inkişafa nail olmaq olar”
Emin Hüseynov 1997-98-ci illərdən informasiya texnologiyaları sahəsində çalışır. İxtisası proqramçı olmasa da, Azərbaycan dilində bir neçə proqramların müəllifidir. Windows 95, Windows 98 üçün ilk Azərbaycan klaviaturasını da o yaradıb. Eyni zamanda Azərbaycan dilində yaradılan bir neçə sayt, dərsliklərin müəllifi, Azərbaycan dilində ilk ofis proqramının (Microsoft office proqramının pulsuz analoqu olan OpenOffice.org) və əməliyyat sisteminin (Linuks əsaslı Lin.az) layihə rəhbəri olub.
Hazırda isə Cenevrə şəhərində yerləşən BMT-nin Uşaq Fondu – UNİCEF-in Avropa qərargahında sistem inzibatçısı vəzifəsində çalışır.
İKT mütəxəssis kimi fəaliyyət göstərən Emin Hüseynovun Xeberler.az-a müsahibəsini təqdim edirik:
- Emin bəy, Azərbaycanda İKT sahəsində hansı uğurlu layihələriniz olub ? Belə bir söhbət gəzirdi ki, 2000-ci ilin əvvəlində sizin də təmsil olunduğununz AzerNet qrupuna müəyyən dəstək olsaydı elə Facebook-u siz yarada bilərdiniz. Bu nə dərəcədə doğrudur?
-Bəli, AzerNet çərçivəsində bir neçə uğurlu layihələrimiz olub. Əksəriyyəti artıq qeyri-aktivdir, lakin hər halda adlarını çəkməyə dəyər:
Bunlardan başqa, mənim bilavasitə iştirakım olmayan bir çox layihələrimiz də olub.
Layihələrimizin bir neçəsinin böyük qlobal potensialı var idi, yəni demək olar ki, o saytları Azərbaycan dilində deyil, ingilis dilində yaratsaydıq, onlar çox gəlirli biznesə çevrilə bilərdi. Lakin, işimizin əsas məqsədi İnternetdə Azərbaycan dilinin inkişafı olduqdan biz bu haqda heç fikirləşmirdik belə.
- Avropadan Azərbaycanın İKT bazarı necə görünür?
- 5 ildir ki, Avropada yaşayıram və Azərbaycana tez-tez gəlib gedirəm. Azərbaycanda İKT-nin yarandığı ilk günlərdə bu prosesdə iştirak etdiyim üçün deyə bilərəm ki, İKT-nin bir çox sahəsində Azərbaycan xeyli irəli gedib. İnternetin sürətini, infrastrukturunu, İT xidmətləri və s. 10 il əvvəlki vəziyyətlə müqayisə etsək görərik ki , Azərbaycan bu sahədə xeyli inkişaf edib. İKT böyük sahədir və bəzi sahələrdə Avropa ölkələrindən heç də geri qalmırıq. Lakin İKT-nin elə sahələri var ki, tərəqqiyə böyük ehtiyac var. Düşünürəm ki infromasiya təhlükəsizliyi sahəsində daha ciddi tədbirlərin görülməsinə ehtiyac var.
-Niyə Azərbaycanda deyil, Avropada çalışmağa üstünlük verdiniz?- UNİCEF-in Azərbaycan ofisində 3 il çalışdıqdan sonra mən Avropa üzrə regional ofisin yerləşdiyi Cenevrə şəhərinə təyinat aldım. Cenevrə ofisində bir sıra əlaqələndirici departamentlər – təhsil, səhiyyə, donorlarla əlaqə və fövqəladə əməlliyyatlar üzrə (məsələn, ebola virusu ilə mübarizə, təbii fəlakətlərlə mübarizə və s.) qərargahları var. Hazırda orada olan digər mütəxəssislərlə birgə onların İT təminatını həyata keçiririk. Yəni, Avropada çalışmaq tək mənim istəyim deyildi, çalışdığım qurumun verdiyi qərar idi. Avropada olsam da, Azərbaycanın İKT sahəsində baş verən proseslərdən xəbərdaram.
- Azərbaycanda e-hökumətin qurulmasında vacib amillərdən biri də təhsilin infromasiyalaşdırılması, dərsliklərin elektronlaşdırılması oldu. Sizin də bu sahədə layihələrinizin , təcrübənizin olmasını nəzərə alaraq münasibətinizi bilmək istərdik?
- Müsbət addımdır. Dərsliklərin elektronlaşdırılması üçün müəyyən mexanizmlər də lazımdır. Bütün dərsliklərin elektronlaşdırılmasını düzgün hesab etmirəm. Elektron dərslikdə daha çox multimedia elementlərin olması vacibdir. Məsələn, fizika dərsliyinin mexanika bölməsində hər hansısa bir interaktiv görünüş, animasiya varsa, bu məntiqlidir.
Amma 1-ci, 2-ci sinif üçün elektron dərsliyin heç bir məniqi yoxdur. Monitorun uşaq gözləri üçün nə qədər zərərli olduğunu hamımız bilirik. Amma ətraf mühitin qorunması üçün kağız dərsliklərdən istifadə etmək də məqsədəuyğun deyil. Elektron kitab haqqında düşünəndə ilk növbədə elektron kağız texnologiyalar üzərində qurulmuş qurğuları nəzərdə tuturam. Yəni, kompüter və ya planşetlərin LCD ekranlarında deyil, elektron kağız üzərində qurulmuş qurğularda elektron kitabın nəşri daha məqsədəuyğun olardı. Elektron kağız gözləri yormur və onun kompüterdən üstün tərəfləri var.
- Necə düşünürsünüz, Azərbaycanda İKT-nın güclü inkişafı üçün hansı tədbirlər görülməlidir?
- Son illərdə bu istiqamətdə xeyli addımların atıldığını müşahidə edirik. Bununla belə ilk növbədə ixtisaslı kadr qıtlığının aradan qaldırılması istiqamətində dövlət dəstəyinin gücləndirilməsini vacib hesab edirəm. O cümlədən, bəzi ölkələrdə İKT ilə məşğul olan şirkətlərə vergi tətbiq olunmur və ya müəyyən müddət tətbiq olunmur. Azərbaycanda da İKT sahəsinə bu tip dəstək olsa, daha yüksək irəliləyiş əldə etmək olar.
- Azərbaycanda startapların yaranmasını və inkişafını necə qiymətləndirirsiniz?
- Dəstəkləyirəm və uğurlar arzulayıram. Amma startaplar tək ölkəyə bağlı olmamalıdır. Qlobal layihələr olmalıdır və onun Azərbaycanda yaranması prestij və maliyyə gəliri olaraq baxılmalıdır. Amma startapın tək lokal bazar üçün yaradılması düzgün deyil. İstənilən startap qazanc əldə etmək istəyirsə, o qlobal səviyyə daşımalı, bütün dünyaya yönəlmiş bir layihə olmalıdır. İngilis dilində olmalıdır, bütün dünyaya xidmət edə biləcək bir sistem olmalıdır. Bu istiqamətdə olan startaplar Azərbaycanda İKT-nin inkişafına müsbət təsir göstərə bilər.
- Emin bəy, sizin özünüzün startapları varmı? Deyəsən sizin startaplarınızdan biri əvvəllər “Startup Azərbaycan” müsabiqəsində qalib olmuşdu. Onları inkişaf etdirməyi düşünürsünüzmü?
-Bəli, bir sıra startap layihələrində iştirak edirəm. İştirakım sırf elmi məqsəd daşıyır, yəni ticari marağım yoxdur. Layihələrdən “Startup Azərbaycan” müsabiqəsində iştirak etmiş Musiq.im (onlayn musiqi redaktoru) və Token2.com (təhlükəsizlik sistemi) adını çəkə bilərəm. Hal-hazırda layihələrin inkişafı üçün investisiya və komanda (məsələn, daha çox qeyri-texniki, marketinq və s.) axtarışındayam.
- Azərbaycandan olan gənc startapçılara və proqramçılara nə arzulayardınız?
-Heç vaxt ruhdan düşməmək və hər zaman yeni və maraqlı layihələr yaratmağa can atmaq.
-Bəzən müşahidə edirik ki, insanlar sosial şəbəkələrdən, xüsusən də Facebookdan daha çox əyləncə, çat vasitəsi kimi istifadə edir. Bununla bağlı Avropada vəziyyət nə yerdədir?
-Bu Facebook-un günahı deyil, cəmiyyətin günahıdır. Facebook olmayanda da vəziyyət bu cür idi. O zaman mərkəzləşdirilmiş sosial şəbəkə olmadığı üçün insanlar mobil çat və ya tanışlıq xidməti kimi resurslardan istifadə edirdilər. Facebook meydana çıxdıqdan sonra bu tip saytlar onunla əvəzləndi. Yəni mahiyyət dəyişmədi, ad dəyişdi. Facebook sadəcə bir vasitədir. Ola bilsin ki, 2 ildən sonra başqa bir şəbəkə onun yerinə gələcək və Facebook kənarda qalacaq. Digər tərəfdən, insanların əyləncəyə maraq göstərməsi onların hansı təbəqədə olmasından da asılıdır. Texnologiya sahəsindən anlayışı olan insan sosial şəbəkədən düzgün istifadə edəcəkdir.
Onu da deyim ki, Facebook-dan əyləncə vasitəsi kimi istifadə olunması ümumi bir haldır. Avropalılar üçün də Facebook “xəstəlikdir”. Şəxsən mən facebookdan istifadə etmirəm, Linkedin sosial şəbəkəsindən səmərəli istifadə edirəm. O sosial şəbəkənin də konkret məqsədi var: təhsillə bağlı, yeni iş yerləri , layihələr haqqqında məlumatları əldə etmək, əlaqələr qurmaq baxımından bu sosial şəbəkənin mənim üçün əhəmiyyəti böyükdür.
Peşəkar layihələr üçün istifadə olunan bir sosial şəbəkədir və bir çox şirkətlər rəsmi alət kimi istifadə edirlər.
- Nə zamansa Azərbaycana qayıdıb İT sahəsində çalışmaq fikriniz varmı?
Bu suala belə cavab verərdim: Bəli, Azərbaycana qayıdası olsam, mütləq İT sahəsində çalışacağam.
Mirvari Nəcəf