Fontu böyüt:
Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq, bədii əsərlə birlikdə onun audio versiyasının təqdimatı olacaq. Gənc yazıçı Elxan Xanəlizadə “Yol” romanının kitabı ilə birgə audio versiyasını da oxuculara təqdim edəcək.
Layihənin rəhbəri Pərviz Hətəmovun APA-ya verdiyi məlumata görə, romanın audio versiyası əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin studiyasında hazırlanıb. Əsərin audio versiyasının kitabla birgə təqdim edilməsinin ideya müəllifi Emin Musəvidir.
Romanın səsli versiyasını jurnalist - aparıcı Ceyhun Əli səsləndirib. Kitabın və diskin üz qabığı ilə yanaşı digər şəkilləri rəssam Nərminə Vəliyeva çəkib. Bəstəkar Ülviyyə Vəliyeva isə xüsusi olaraq, əsər üçün yeni musiqilər bəstələyib. Müəllif Elxan Xanəlizadə isə APA-ya açıqlamasında dünya ədəbi təcrübəsində xeyli vaxtdır sınaqdan keçirilən bu tendensiyanı Azərbaycana gətirməkdə maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda bədii əsər oxumağa meylli olan kütlə azlıq təşkil etdiyindən bu üsula əl atılıb.
Kitabı oxumağa vaxtı və həvəsi olmayan istənilən insan romanın audio versiyasına bir neçə saat ərzində qulaq asmaqla əsəri oxumuş olacaqlar. Müəllif əlavə edib ki, “Yol” romanı bütövlükdə böyük bir ədəbi layihənin tərkib hissəsidir və onun təqdimatı yaxın zamanlarda reallaşacaq. Qeyd edək ki, bu vaxta qədər bir neçə gənc müəllif öz əsərlərini yalnız audio disk formasında təqdim edib. Lakin Bakıda ilk dəfə kitabla disk komplekt formada təqdim ediləcək.