Fontu böyüt:
Bu il Daşkəsən rayonunda 3 kənd ATS-nin yeni, müasir tipli elekron ATS-lərlə əvəz olunması nəzərdə tutulur. Bu barədə SİA-nın bölgə müxbirinə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə rayonun Dəstəfur, Əhmədli, Zəylik kəndlərində ATS-lər yeni elektron ATS-lə əvəz olunacaq. Bununla da Daşkəsənin bütün kəndləri tam şəkildə elektron ATS-ləşdiriləcək.
Onu da bildirək ki, ötən il rayonun 3 kəndində elektorn ATS quraşdırılıb. Bayan, Qaraqollar və Qabaqtəpə kəndlərində 128 nömrə tutumlu EATS quraşdırılaraq istifadəyə verilib. Ümumilikdə isə rayon ərazisində Telekommunikasiya qovşağında 283 ədəd dayaq dəyişdirilib, 391 ədəd əyilmiş dayaq bərpa olunub. Bundan əlavə, ötən il ərzində Daşkəsənin 14 kəndində 4 nömrə tutumlu peyk rabitə avadanlıqları quraşdırılıb. SİA