Fontu böyüt:
Cari ilin 5-6 oktyabr tarixlərində Moskva şəhərində Rusiya və MDB ölkələri üçün Capacity Russia 2009 illik telekommunikasiya konqresi keçiriləcək. Tədbirdə MDB ölkələrinin telekommunikasiya bazarlarının hazırkı vəziyyəti və perspektivləri, bu sahəyə qlobal iqtisadi böhranın təsiri, investisiyaların cəlb olunması və investisiya strategiyaların seçimi məsələləri müzakirə olunacaq.
Konqres çərçivəsində gələcək nəsil şəbəkələrinə dair xüsusi təqdimatın keçirilməsi, optik-lif birləşmələr, Wimax, 3G və Ethernet kimi texnologiyalara dair müzakirələrin aparılacağı nəzərdə tutulub. Bundan əlavə iştirakçılar Şəbəkədə kontent həcminin artması və keçirtmə zolağına olan tələbata dair məsələlərə toxunacaqlar. Konqresin ikinci günü MDB ölkələrinin, o cümlədən Azərbaycanın artmaqda davam edən bazarlarına həsr olunub.
Azərbaycanın telekommunikasiya bazarındakı vəziyyət haqqında məruzə ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin Trafik analizi və marketinq şöbəsinin müdiri Hafiz Hacıyev çıxış edəcək.
Qeyd edək ki, tədbirdə MDB ölkələrinin rəsmi nümayəndə heyətləri, iri telekommunikasiya şirkətlərinin nümayəndələri, analitiklər və ekspertlər iştirak edəcəklər.