"Twitter" mikrobloqlar şəbəkəsi elan edib ki, onların işə saldıqları bir sıra təhlükəsizlik texnologiyaları resursun istifadəçilərini izləməyi çətinləşdirməlidir.
"Twitter" mikrobloqlar şəbəkəsi elan edib ki, onların işə saldıqları bir sıra təhlükəsizlik texnologiyaları resursun istifadəçilərini izləməyi çətinləşdirməlidir. Bundan başqa, adı çəkilən şəbəkə internet şirkətlərini, həmçinin təhlükəsizlik sahəsində öz planlarını sürətləndirməyə səsləyib.
Xatırladaq ki, son ayda "Yahoo!", "Facebook", "Microsoft", "Google" və başqa internet şirkətləri ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin fəaliyyəti ilə bağlı qalmaqalların mərkəzinə düşüblər. Şirkətlərin nümayəndələri bildiriblər ki, onlar kəşfiyyat qurumları ilə yalnız qanun çərçivəsində əməkdaşlıq ediblər.
"Twitter"dən bildirilib ki, şirkət hələ 2011-ci ildən "HTTPS" qorunmuş protokolundan istifadəyə keçib. Hazırda şirkətin bütün serverlərində "HTTPS" protokolu tamamilə dəstəklənir və o, istifadəçilərin hamısı üçün əlçatandır. Bununla belə, "Twitter"dən bildirilib ki, şirkət təhlükəsizlik texnologiyalarının həyata keçirilməsinə davam edir və "HTTPS" protokoluna daha bir təhlükəsizlik qatı (Forward Secrecy) əlavə edir.
Yeni texnologiya "Twitter"in həm mobil, həm də masaüstü versiyaları tərəfindən dəstəklənir. (ictnews.az)