Fontu böyüt:
Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2014") Sərgi -Konfransı öz işinə başlayır. Bu il sərgi 20 illik yubileyini qeyd edir.
Keçirildiyi illər ərzində sərgi hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb
edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib. Azərbaycan prezidenti İlham
Əliyevin son illərdə "Bakutel" sərgisini ziyarət etməsi bu tədbirin
yüksək statusunu bir daha sübut edir və ona daha da vüsət verir. Sərgiyə hərtərəfli
dəstək göstərən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında, habelə ona yeni nəfəs
verilməsində xüsusi rol oynayıb.
Hər il sərgi və konfransa qatılan mötəbər qonaqlar sərginin rəsmi açılış mərasimində,
sərgi çərçivəsində keçirilən konfrans və digər tədbirlərdə iştirak edirlər. 20
il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz
mindən çox ziyarətçi sərgidə iştirak edib. Dünyanın 19 ölkəsi, o cümlədən
Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz
milli pavilyonları ilə çıxış ediblər. Hazırda bazarda uğurla fəaliyyət göstərən
yerli iri şirkətlərin başlanğıc platforması məhz "Bakutel" sərgisi
olub. Sərginin daimi iştirakçıları sırasında: "Avirtel",
"Azercell Telecom MMC", "Azerfon MMC", "Azqtel",
"Aztelekom İB", "Bakcell", "BestComp Group", Bakı
Telefon Rabitəsi İstehsalat Birliyi, "Caspel", "Сaspian
Navtel", "Connect", "Delta Telecom LTD",
"Iskratel", "Microsoft Azerbaijan LLC",
"R.I.S.K.", "SİNAM", "Smart Systems Technology
MMC", "Softline International", "Teleradio İB" və
"Ultra Technologies" şirkətləri var.
Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların
istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına
şərait yaratmaqla yanaşı, ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata
keçirilməsinin göstəricilərindən biridir.
"BAKUTEL-2014" SƏRGİSİNDƏ "YÜKSƏK TEXNOLOGİYALAR HƏFTƏSİ"
Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət
iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın
mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur
brendlərin distribütorları var. Sərginin ekspozisiyası və konfransın
keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə
həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar
barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu foyedə yerləşir.
Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi
pavilyon da burada təşkil olunub.
Bakıda keçirilən sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilk dəfə
olaraq öz stendi ilə iştirak edir. Bu il Koreyanın Pusan şəhərində keçirilmiş
konfransında son illərdə ölkəmizdə İKT sahəsində həyata keçirilən dinamik
inkişafa və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Beynəlxalq
Telekommunikasiya İttifaqının (ITU) ali idarəetmə orqanı olan Şuraya üzv
seçilib.
ITU-nun stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş
texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qismində
150 illik yubiley tədbirlərinin qızıl sponsorlarındandır.
Azərbaycan "Bakı-2015"
Birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və "Bakutel" sərgisi
bu əlamətdar hadisəni əks etdirməyə bilməzdi. Kompleksin foyesində yerləşən
"Bakı-2015" adlı stend Avropa oyunlarına hazırlıq prosesini, onun
texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində
bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
"Bakutel" sərgisində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi
ilə milli pavilyonların fəal iştirakı artıq sərginin xoş ənənəsinə çevrilib.
Bu il Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir
sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi
üzrə məhsul və xidmətləri təqdim edirlər. Bütün milli pavilyonlar Bakı Ekspo Mərkəzinin
ikinci zalında yerləşir.
Ümumi eksponentlərin 40%-ni təşkil edən daimi iştirakçılar, habelə sərginin
debütantları isə kompleksin birinci zalında yerləşir. Qeyd etmək lazımdır ki,
bu il yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas
etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq
yerli bazara marağı xeyli artan xarici iştirakçılardır. "Schneider
Electric", Finlandiyanın "Tecnotree" İB, İsveçrənin
"Smartlink" şirkəti, Amerikanın "Corning Optical Communications
GmbH & Co." və "Procera Networks" şirkətləri, Türkiyənin
"Erat Telecom" və "Erstream" şirkətləri, Hindistanın
"Sei Trading India" şirkəti, Latviyanın "BalticServers"
şirkəti, Çinin "GW Delight Technology" və "Hytera Communications
Corporation Limited" şirkətləri, eləcə də Yaponiyanın "Sumitomo
Electric", Argentinanın "NVAP" və "ARSAT" şirkətləri sərgidə
ilk dəfə olaraq ayrıca stendlə təmsil olunacaqlar. Onu da qeyd edək ki,
Argentina bu sərgidə ilk dəfə iştirak edir.
Debütantların arasında bu il rekord sayda təmsil olunan "startap"lar
var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "startap"lara fəal dəstək
göstərir və bu cür dəstək "Bakutel" sərgisinin də ənənələrindən
biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və
dövlət strukturları ilə yanaşı iştirak etmək, eləcə də dövlət və özəl
investisiyaları cəlb etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün unikal
imkan yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə
edib və onlar sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə
danışacaqlar. Bütün "startap"lar Bakı Ekspo Mərkəzinin ikinci zalında
Yüksək Texnologiyalar Parkının stendində yerləşəcəklər.
Sərgidə həmçinin aprel ayında "Bakutel" sərgisinin dəstəyi ilə
keçirilən "Startup Weekend Baku" yarışının qalibi olan "Square
Message" layihəsinin müəllifləri də iştirak edəcəklər. Maraqlı layihənin
mükafatı olaraq həmin qaliblərin bu il stendlə iştirakını "Bakutel" sərgisinin
təşkilati komitəsi təşkil edib.
"Bakutel-2014" sərgisinin baş sponsoru "İntel" (ABŞ)
korporasiyasıdır. Digər sponsorlar arasında "Eurodesign" (Azərbaycan)
və "Tecnotree" (Finlandiya) şirkətləri yer alır.
İKT YENİLİKLƏRİ
Son 10 il ərzində Azərbaycanda telekommunikasiya və İKT bazarı köklü surətdə dəyişib
və mətin addımlarla inkişaf etməkdədir ki, bu da ən yeni məhsulların və onların
inteqrasiya imkanlarının nümayiş olunduğu "Bakutel" sərgisində ən
yaxşı şəkildə əks olunub.
Bu il sərginin ekspozisiyası aşağıdakıları təqdim edir: telekommunikasiya və şəbəkələr,
genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin
avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar.
İştirakçıların 45%-i öz təqdimatları barədə məlumat vermişdir. Bunların sırasında
bir neçə dəqiqə ərzində şəxsi sayt yaratmaq, istənilən növ avadanlıq üçün
yeni onlayn televiziya və mobil telefonlar üçün proqram işləmək, habelə
aşağısürətli internet vasitəsilə də televerilişlərə baxmaq imkanı verən Azərbaycan
dilində ilk platformanın, art-instalyasiyaları nümayiş etdirən "LED"
video-divarlarının, avtomobillərin izlənməsi və avtoparkların idarə edilməsi
üçün "GPS" sistemləri üzrə ən yeni texnologiyaların, habelə
"Mobil Pul Kisəsi" üzrə həll variantlarının təqdimatı keçiriləcək.
Sərgidə, həmçinin fiber-optik kabellərin bitişdirilməsi (birləşdirilməsi) üzrə
cihazlar, optik lif, "FTTH" (Fiber-to-the-home) texnologiya üzrə
kompleks həll variantları və xidmətlər, peyk və yerüstü sistem və aksessuarlar
üzrə keyfiyyətli həll variantları, o cümlədən ofset parabolik və planetar
antenalar, yerüstü antenalar, qovşaq stansiyaları, eləcə də səyyar radio-əlaqə
qurğuları nümayiş etdirilir. "Epson Moverio" eynəkləri - həm
videoya baxmaq, həm də tibdən muzeyə qədər müxtəlif peşə sahələri üçün nəzərdə
tutulmuş unikal "qadcet", sizi videooyun və digər kompüter əyləncələrinə
qərq etmək üçün nəzərdə tutulmuş "OculusRift" – innovativ virtual
reallıq dəbilqəsi və bir çox başqa məhsullar yəqin ki, sərgi ziyarətçilərinin
marağına səbəb olacaq. Beləliklə, sərgi ziyarətçiləri tezliklə ölkə bazarına
çıxarılacaq yüksək texnologiyalar üzrə həll variantlarını, eləcə də müasir
texnologiya və xidmətləri bilavasitə iş prosesində görən ilk insan olacaqlar.
Müasir kommunikasiya texnologiyalarının kompleks tətbiqi prioritet təşkil edən
milli layihələrin icra səmərəliliyini artırmaqla yanaşı, ölkənin bütün bölgələrində
əhali üçün sosial xidmətlərin keyfiyyətini və əlçatan olmasını da təmin edəcək.
YUBİLEY PROQRAMI
Sərginin 20 illik yubileyi ilə əlaqədar olaraq əlavə tədbirlər proqramının
keçirilməsi planlaşdırılmış və həyata keçirilmişdir. Yubiley proqramı çərçivəsində
keçirilən ilk tədbir noyabrın 8-də "High Tech Park" kompleksində təşkil
edilmiş "Yeni həyat: texnologiyadan incəsənətə" adlı tədbir oldu. Bu
dəfə "Bakutel" sərgisinin iştirakçıları öz övladları ilə birlikdə
kompüter detallarından sərginin yubiley loqosunu və "Bakutel" saatını
hazırladılar. Bu hadisə öz həmfikirləri ilə qeyri-rəsmi şəraitdə görüşməkdən məmnun
qalan eksponentlər üçün əsil bayram oldu. "Bakutel" sərgisinin bütün
ziyarətçiləri isə hazırlanmış bu loqonu bilavasitə sərgidə görə biləcəklər.
Bundan başqa, foyedə son 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən
yubiley stendi də yerləşdiriləcəkdir.
"Iteca Caspian" şirkəti yubiley sərgilər zamanı ən yaxşı tələbələrin
mükafatlandırılması ənənəsini bu il də davam etdirir. Beləliklə, bu il xüsusi
mükafat Azərbaycan Diplomatiya Akademiyasına (ADA) qəbul zamanı 700 bal
toplayaraq İnformasiya texnologiyaları və Mühəndislik sistemləri fakültəsinə
daxil olmuş birinci kurs tələbəsi Könül Qurbanlıya təqdim olunacaq. Sərginin
daimi iştirakçısı olan bütün şirkətlərə qeyri-adi xatirə suvenirləri təqdim
ediləcək.
Sərgiyə həsr olunmuş çap məhsulları da yubiley əhval-ruhiyyəsini əks etdirir.
Bunlar ilk növbədə sərginin kataloqu və "Gündəlik Xəbərlər:
Bakutel-2014" qəzetinin xüsusi buraxılışlarıdır.
Bundan başqa, bütün iştirakçı və ziyarətçiləri yubiley sərgiyə həsr olunmuş
müxtəlif hədiyyə və suvenirlər gözləyir. Müasir oyun texnologiyalarının həvəskarları
üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası təşkil olunub və burada hər
bir kəs virtual aləmdə qol vura və ya yarış trasında öz məharətini göstərə bilər.
Bakıda ilk dəfə öz şou-proqramları ilə iştirak edən robotlar isə sərgiyə gələn
ziyarətçiləri salamlayacaq. Beləliklə, sərginin 20 illiyinə həsr olunmuş əlavə
tədbirlər zəngin informasiya konteksti, koloriti və rəngarəngliyi sayəsində
xüsusi təmtəraq və bayram ab-havası yaradacaqdır.
İŞGÜZAR PROQRAM
Yubiley "Bakutel" sərgisi bütün dünyada İKT üzrə ən son təmayülləri,
habelə Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərini müzakirə etməyə
imkan verən mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir. Sərginin
bütün iş günləri ərzində sərgi çərçivəsində Bakı Ekspo Mərkəzinin üçüncü
zalında bir sıra tədbirlər təşkil olunacaq. Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin təşkil etdiyi "Əşyaların interneti" adlı konfransda
inkişaf edən internetin yeni mərhələsi ilə bağlı olan məsələlərə toxunulacaq.
Məruzəçilərin arasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab
Hamadun Ture, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Əli Abbasov, "Intel" korporasiyasının vitse-prezidenti cənab Con
Devis və başqaları var. Konfrans çərçivəsində panel müzakirələr və çoxsaylı
sessiyalar təşkil ediləcəkdir (Bakı Ekspo Mərkəzi, 2-3 dekabr).
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BMT-nin İnkişaf Proqramı (UNDP) və
"Microsoft" şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi "eGov
3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfrans
dünyada və ölkəmizdə elektron hökumətin formalaşdırılması üzrə fəaliyyət və
inkişaf perspektivlərinə həsr olunub.
Konfransda Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir
Vəlizadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri üzrə
Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
nümayəndələri iştirak edəcəklər.
Bundan başqa, iştirakçılar arasında Rusiya Federasiyasının Rabitə və Kütləvi
Kommunikasiya Nazirliyi, "Skolkovo" texnoloji parkı və
"Microsoft" rəhbərlərinin nümayəndələri, eləcə də Dünya Bankının
müvafiq şöbələrini, Avstriya Federal Dəftərxanasını və Türkiyə Baş Nazir
Aparatını təmsil edən məsul şəxslər, o cümlədən elektron hökumət üzrə Koreya,
Qazaxıstan, Çexiya, Moldova və digər ölkələrdən olan mütəxəssislər iştirak edəcəklər
(Bakı Ekspo Mərkəzi, 3 dekabr).
"İnformatika təhsili – günümüzün çağırışları" mövzusunda keçiriləcək
konfrans isə Azərbaycanda bu gün müasirləşməyə və yeni metodlara ehtiyac duyan
İKT təhsili mövzusuna toxunacaq. Konfrans İKT sahəsi üzrə təhsil proqramları ilə
məşğul olan "ACM Chapter" təşkilatının iştirakı ilə keçirilir (Bakı
Ekspo Mərkəzi, 3 dekabr). Həmçinin, "Bakutel" sərgisi çərçivəsində Azərbaycanda
"İT sahəsində qadınlar: Femmes Digitales" adlı ilk qadın klubunun
açılışı da keçiriləcək.
Bundan başqa, sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində "Molex",
"AcmChapter", "Karel / Coriant", "Smart
Communications", "ROMSAT", "RiT Technologies" və
"Vision Solutions" şirkətləri 8 seminar təşkil edəcək (Bakı Ekspo Mərkəzi,
3-4 dekabr).
DƏSTƏK / TƏŞKİLATÇILAR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakutel" sərgisinin təşkili
və inkişafı üçün əvəzsiz dəstək göstərir.
Sərgini dəstəkləyən digər yerli strukturlar arasında isə Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) var. Sərgini
artıq uzun illər boyu Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya
İttifaqı (İTU) kimi nüfuzlu təşkilatlar da dəstəkləyir. "Bakutel" sərgisinin
təşkilində rəhbər tutulan beynəlxalq keyfiyyət standartları təkcə
telekommunikasiya avadanlıqları və informasiya texnologiyaları üzrə aparıcı
istehsalçıların iştirakı ilə deyil, həm də Ümumdünya Sərgi Sənayesi
Assosiasiyasının (UFİ) xüsusi nişanı ilə təsdiqlənmişdir. 2014-cü il üzrə
keçirilən bütün sərgilərin rəsmi tərəfdaşı "JW Marriott Hotel Absheron
Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər),
habelə "Greenwich Travel Club" (rəsmi turoperator) və "Safe
Life" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir. Bütün bu illər ərzində
sərginin təşkilatçıları qismində "Iteca Caspian", "ITE Group
Plc" və "Caspian Event Organisers" (СЕО) şirkətləri çıxış edirlər.
Ziyarətçilərin rahatlığı üçün hər bir saatdan bir "Koroğlu"
metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə marşrut üzrə pulsuz işləyən
xüsusi avtobuslar təşkil olunub. Bu avtobusların qrafiki ilə sərginin rəsmi
veb-saytında ətraflı şəkildə tanış olmaq olar.
Mənbə: ictnews.az