Fontu böyüt:
ABŞ dövlət katibinin sabiq köməkçisi Metyu Brayza həbsdə olan bloqçular Adnan Hacızadə və Emin Millinin (Abdullayev) azad olunması məsələsini prezident İlham Əliyevlə görüşdə qaldırıb. Bu barədə dünən Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza “Turan”ın sualına cavabda bildirib:
“Biz bu məsələləri Azərbaycan prezidenti qarşısında qaldırmışıq və düşünürəm ki, problem Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi çərçivəsində həll edilməli və söz azadlığı prinsiplərinə təkan verməlidir” - deyə M.Brayza bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Metyu Brayzanı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır. RATİ