Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzi ölkənin bir sıra ali məktəblərinin tələbələri üçün elmi-istehsalat sahəsində ixtisasartırma kursları təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İTİ-nin məlumatında deyilir.
Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və digər ali məktəblərin tələbələrinin təhsil almaları üçün bütün lazımi şərait yaradılıb.
Tədris mərkəzi ixtisasartırma prosesinə "2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində orta təhsil müəssisələrinin müəllim heyətini də cəlb edib.
Mərkəz tərəfindən "İnformatika" fənni üzrə Bakı şəhəri və regionların məktəb müəllimləri sertifikatlaşdırılıb.
İTİ-nin bazasında AMEA-nın AzScienceNet şəbəkəsində məsafədən təhsilin yeni platforması da fəaliyyət göstərir ki, bu da ali məktəblərin tələbələri üçün məsafədən təhsil kursları və onlayn-mühazirələr təşkil etməyə imkan verir.
Ali məktəblərin tələbələri interaktiv rejimdə alimlərlə ünsiyyət yarada və onları maraqlandıran suallara cavab tapa bilərlər.