Fontu böyüt:
25-30 sentyabr tarixində İnternyus Azərbaycan təşkilatının Bakı ofisində “Parlament seçkiləri yeni mediada-Vətəndaş jurnalistikasının prinsipləri ilə işıqlandırılması” mövzusunda seminar keçirilib.
Seminar “Demokratik parlament seçkiləri üçün professional media” layihəsi çərçivəsində reallaşdırılıb. Seminarı Dem-Kom ABŞ səfirliyi maliyyələşdirib. 5 gün davam edən seminarda bölgələrdən gələn jurnalistlərlə təlimlər keçirilib. Praktik məşğələlərin də keçirildiyi təlimdə iştirakçılarla bloglar, onlarda seçki təbliğatı, seşki zamanı onlayn alətlərdən istifadə kimi mövzular müzakirə olunub, bir sıra jurnalist oyunları keçirilib.
İnternyusun Bakı ofisinin nümayəndəsi və layihənin təşkilatçısı Azadə Hüseynova layihə çərçivəsində reallaşdırılan seminarın əsas məqsədinin jurnalistlərdə seçkilərin işıqlandırılması mövzusunda biliklərin artırılması və bu sahədə peşakar jurnalistlərin hazırlanması olduğunu söylədi. Azadə xanım bildirdi ki, ABŞ səfirliyi bu layihəyə 20 min dollar maliyyə vəsaiti ayırıb. Layihə zamanı keçirilən seminar təlimçilərinin seçilməsi zamanı əsas götürülən özəlliklərdən danışan Azadə Hüseynova ən önəmli xüsusiyyətin təlimçilərin peşəkarlığı və seminar mövzusu ilə bağlılıqları olduğunu dedi. Keçirilən seminarların nəticələrinin əhəmiyyətli olduğunu vurğulayan Azadə xanım xüsusilə bölgələrdən gələn jurnalistlərin seçkiləri işıqlandırmaqla bağlı problemləri olduğunu və bu seminarla onların biliklərinin artıracağını bildiridi.
Təlimçi “Transitions” təşkilatının layihə meneceri Emin Hüseynzadə hansısa bir təşkilatın belə bir seminar keçirməsini yaxşı qarşılasa da, iştirakçıların sayca çox olmasının daha məqsədəuyğun olduğunu vurğulayır: “Bu seminarın keçirilməsi yaxşıdır. Amma daha çox iştirakçı üçün keçirilməsi yaxşı olardı. Bu seminar jurnalistlər üçün nəzərdə tutulub, lakin, namizədlərə də belə təlimlər keçirilməsinə ehtiyac var. Əvvəlcə, namizədlər özləri onlayn media haqqında bilməlidirlər. Daha sonra jurnalistlərə öyrədilməlidir”.
Bu təlimlərin əhəmiyyətini qeyd edən Emin Hüseynzadə belə bir təklif olarsa namzizədlərə də təlim keçə biləcəyini söyləyir: “Namizədlər özləri onlayn media ilə maraqlanmalı və bu sahəni bilməkdə maraqlı olmalıdırlar.Yəni təkilf onlardan gəlməlidir”. Seminarın iştirakçılar üçün nəticəsindən danışan təlimçi onlarda struktur yaradacağını birbaşa məşğul olmasalar belə müəyyən situasiyalarda onlar üçün faydalı olacağını söyləyir.
Seminar iştirakçıları isə seminarda yeni media ənənələrini öyrəndiklərini söyləyirlər. Seminar iştirakçısı Fatimə Kərimova bu seminarda onlayn medianın ənənəvi mediadan fərqlərini və seçki dövründə istifadəsini öyrəndiyini deyir: “1 həftə qısa zaman olmasına baxmayaraq, yeni medianın bir sıra özəlliklərini öyrəndim. Seçki zamanı təbliğat, təşviqat kampaniyasının onlayn mediada necə işıqlandırılması mövzusunda yeni məlumatlar əldə etdim. Jurnalistlər üçün sosial şəbəkələrin və internetin imkanlarının genişliyinin şahidi oldum. Bir sözlə yeni mediayla bağlı məlumatım artdı”.
Seminar iştirakçısı Orxan Səfərli seminar ərzində yeni mediayla bağlı olan biliklərini möhkəmlətdiyini söyləyir: “Onlayn media ilə bağlı məlumatım çox az idi. Ənənəvi mediadan fərqli olaraq yeni mediada seçkilərin işıqlandırılmasının özəlliklərini öyrəndim. Keçirilən təlimlər həqiqətən də onlayn medianın öyrənilməsində böyük önəm daşıyır”.
Aysel Fərziyeva, AZXEBER.COM