Fontu böyüt:
Azad Azərbaycan Televiziya və Radio Şirkəti (ATV) şou proqramlarının hamısını mükəmmələşdirəcək. Bu barədə şənbə günü şirkətin vitse-prezidenti Natiq İbrahimov Trend-ə bildirib.
İbrahimovun sözlərinə görə, şou verilişlərin aparıcılarının da bütün standartlara cavab verməsi üçün tədbirlər görüləcək.
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oktyabrın 2-də Azərbaycan qəzetində dərc olunan Azərbaycanın efir məkanı: problemlər və vəzifələr sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib.
Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.