İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

19 yaşlı ANS necə yadda qaldı?

26.11.2010 [14:35]

Fontu böyüt:      

Bu gün Müstəqil Azərbaycanın ilk müstəqil telekanalı olan ANS (Azerbaijan News Service) 19 yaşını qeyd edir. ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi xalq arasında geniş nüfuza malikdir. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb

Bu gün Müstəqil Azərbaycanın ilk müstəqil telekanalı olan ANS (Azerbaijan News Service) 19 yaşını qeyd edir.

ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi xalq arasında geniş nüfuza malikdir. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalistlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar. Görəsən Azərbaycanın ictimai xadimləri və sadə vətəndaşları üçün ANS telekanalı nədir? Onlar ad günündə ANS-ə nə arzulayırlar?

Rejissor Oqtay Mirkasımov:

“Əvvəla ondan başlayaq ki, ANS kanalının tarixi çox şərəflidir. Mən o vətəndaşlardanam ki, ANS kanalını ilk addımlarından izləyirəm. Bu televiziya öz işinə şərəfli və qəhrəman təcrübəsi ilə yanaşır. Onun ilk reportyorlarından olan rəhmətlik Çingiz Mustafayevə olan münasibətimiz hər kəsə bəllidir. Kanalın sonrakı fəaliyyətini götürsək, bu mədəniyyətdir, cəsarətdir, düzlükdür. Bu bizim həyatımızdır. ANS-in tarixi elə bizim müstəqilliyimizin tarixi ilə üst-üstə düşən tarixdir. ANS aynadır, güzgüdür. ANS dilə gətirə bilmədiyimiz ürək sözlərimizin carçısıdır, açıqlığıdır. ANS-ə əbədi fəaliyyət və daha yüksək peşəkarlıq arzulayıram. ANS-ə həmişə nikbinlik, həmişə yumor, yaxşı nəbz arzulayardım”.

Yazıçı Çingiz Abdullayev:

“ANS Azərbaycanın ilk müstəqil kanalıdır. O vaxt düşünürdük ki, görəsən ANS nə qədər öz səviyyəsini saxlaya biləcək? Doğrudan da keçən illərdə ANS öz səfiyyəsini saxladı. Yadımdadır hamı necə həyəcanla Çingiz Mustafayevin çəkdiyi kadrları izləyirdi. Biz hamımız onların reportajlarını izləmişik. Bu, ANS kanalının yaradıcı kollektivinin çox böyük uğurudur. Arzu edirəm ki, ANS daim bu səviyyədə qalsın. Bundan sonra daha böyük uğurlar qazansın”.

Xalq rəssamı Tahir Salahov:

“ANS kanalı mənim ən çox sevdiyim kanaldır. ANS bütün xoş sözlərə layiqdir. Kanal bunu öz işi ilə qazanıb. ANS kanallar içində böyük uğur qazanmış kanaldır. Mən ANS kanalına yeni-yeni uğurlar arzulayıram”.

Politoloq Vəfa Quluzadə:

“Mən ANS kanalını yüksək qiymətləndirirəm. Mən kanalın AzTV-nin ərazisində olan açılışında iştirak etmişdim. O vaxtdan bəri ANS bizim ictimai həyatda çox mütərəqqi rol oynayıb. Əhalinin maarifləndirmə işində böyük əməyi var. Kanal müasir həyat, siyasət, ictimai problemlər haqqında ətraflı məlumatlar verir. ANS yaşayır və yaşamalıdır. ANS olduqca cavan bir kanaldır. Ona fəaliyyətində uğurlar arzulayıram. ANS-in kollektivini təbrik edirəm”.

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov:

“Düşünürəm ki, ANS-ə baxmayan azərbaycanlı tapılmaz. ANS Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaqda böyük rol oynayır. ANS gündəlik həyatımızın həqiqətlərini, ən vacib məqamlarını Azərbaycan və dünya miqyasında təqdim edir. ANS-i başqa kanallardan fərqləndirən cəhətlərindən biri bütün hadisələrin fövqündə durmağı, operativliyi və eyni zamanda həqiqətin insanlara çatdırılmasında böyük rol oynamasıdır. ANS-in bütün verilişlərinə baxıram. Çox istərdim ki, ANS şou proqramlardan bir az uzaq olsun. Düşünürəm ki, bu gün cəmiyyətimiz hələ ki, şou proqramları olduğu kimi həzm etməyə hazır deyil. Bəlkə də Azərbaycan müstəqilliyinin 50 illiyində şou proqramlarla çıxış etmək olar. Axı ANS digər kanallardan fərqlənir. ANS-də mütləq “Xəbərçi” və “İç xəbər” verilişlərinə baxıram. Əsasən də “Xəbərçi” verilişinin 21:00 buraxılışına mütləq baxıram. ANS-ə arzulayıram ki, həmişə belə obyektiv olsun. Həmişə hadisə yerində birinci olsun. ANS-i təbrik edirəm”.

Azərbaycan Turizm Universitetinin III kurs tələbəsi 20 yaşlı Sevinc Dadaşzadə:

“Mənim üçün ANS telekanalı respublikada ən obyektiv kanaldır. Bəzi verilişlərini çox sevirəm. Məsələn, “Günəbaxan”, “Salam Azərbaycan” və “Xəbərçi” verilişlərinə baxıram. ANS-də ən çox bəyəndiyim düzgünlükdür. Arzu edirəm ki, hər zaman belə obyektiv olsun. Verilişləri rəngarəng və uzunömürlü olsu. Təbrik edirəm”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi 21 yaşlı İsa Hüseynzadə:

“Düşünürəm ki, ANS digər kanallarla nisbətdə daha açıq və düzgün informasiya verir.ANS-ə uğurlar arzulayıram. Onun ad gününü təbrik edirəm”.

Bakı Dövlət Universitetinin I kurs tələbəsi 21 yaşlı Gülşanə Xasməmmədova:

“ANS ona görə xoşuma gəlir ki, burada informasiyalar olduqca dəqiq və doğrudur. Burada yalan yoxdur. Ən çox “Salam Azərbaycan”, “Günəbaxan”, “Toy olsun”, “Kök altı” və “Xəbərçi” verilişlərinə baxıram. Arzu edirəm ki, ANS-in fəaliyyəti daim belə aktiv və uzunömürlü olsun”.


Bank işçisi 33 yaşlı İlqar Məmmədov:

“ANS mənim üçün ən obyektiv informasiya mənbəyidir. Baş verən hadisə yerində olan və məlumatı olduğu kimi çatdıran bir kanaldır. Arzu ediərm ki, həmişə belə olsun. Bütün işçilərə uğurlar arzulayıram”.

Taksi sürücüsü 35 yaşlı Vilayət Vəliyev:

“ANS yaxşı kanaldır. Biz həmişə ona baxırıq. Milli Qəhrəman Çingiz Mustafayevin adı ilə bağlı olduğuna görə, biz həmişə ANS-ə hörmət edirik. ANS-ə gələcəkdə yeni uğurlar arzulayırıq. Allah bu kanalı bizim evimizdən əskik etməsin. Ən çox “Toy olsun”, “Kriminal” və “Xəbərçi” verilişlərinə baxıram”.

Lənkəran şəhər sakini 57 yaşlı təqaüdçü Asya Əkbərova:

“ANS ən çox sevdiyim kanaldır. Ən çox “Xəbərçi” və “İç xəbər” verilişlərinə baxıram. Arzulayıram ki, ANS uzunömürlü olsun. Təbrik edirəm”.

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı 24 yaşlı Səbuhi Xəyalov:

“ANS kanalı mənim üçün azadlığa yaxın olan bir kanaldır. İstəyirik ki, kanal daha çox azadlıq ruhunda olan verilişlərini davam etdirsin. Daim olduğu kimi döyüşkən olsun. Vətənpərvər verilişlərinin sayını artırsın”.

Bakı şəhər sakini 60 yaşlı təqaüdçü Əlibala İsmayılov:

“ANS kanalı mənim üçün ən düzgün informasiya mənbəyidir. Ən çox idman xəbərlərinə baxıram. Kanala uzun ömür arzulayıram”

Bakı şəhər sakini 57 yaşlı qəssab Rafiq Ziyadxanov:

“ANS mənim üçün ən obyektiv kanaldır. “Xəbərçi”yə baxıram. Amma bir iradım var. Kanalda reklamlar çox gedir. ANS-ə uzunömür arzulayıram”.

“Respublika” qəzetinin müxbiri Tofiq Hüseyn:

“Mən həmişə ANS kanalına baxıram. Mənim üçün ANS ən çox sevdiyim kanaldır. Amma ANS-ə kiçik iradım var. “De gəlsin”ə, meyxanaya, şouya yer verilməməlidir. Bunun əvəzinə müasir poeziyaya yer verilsin. İstərdim ki, ANS-də Ramiz Rövşən ədəbi məktəbi yaradılsın. Seyran Səxavətin, Məmməd Orucun və digər yazıçıların yaradıcılığına daha geniş yer verilsin. Arzulayıram kanal uzunömürlü olsun”.

43 yaşlı musiqi müəllimi Abbas Xəlilov:

“ANS hər bir hadisədən məlumatlıdır. Düzgün işləyir. Qərəzsizdir. Ən çox “Xəbərçi” verilişini izləyirəm. Arzulayıram ki, kanal daha yeni uğurlara imza atsın”.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu 22 yaşlı Şəhriyar Mahmudov:

“Əvvəllər ANS-ə daha çox baxırdım. Amma indi televiziyaya çox baxmıram. ANS-i təbrik edirəm, daha çox uğurlar arzulayıram”.

Bakı Peşə Litseyinin 11-ci sinif şagirdi Mirəli Baxşıyev:

“ANS mənim üçün Azərbaycan tamaşaçısının zövqünü oxşayan bir kanaldır. Mən bir az idmana meyilli adamam. Arzu edirəm ki, ANS idmana bir az daha çox yer ayırsın. Arzulayıram ki, ANS gözəl verilişlər hazırlasın, biz də tamaşa edək”.

ADİU-nin IV kurs tələbəsi Anar Qasımov:

“ANS mənim üçün əsl hərbi məktəbdir. Burada həm də yaxşı xəbərlər, ələlxüsus iqtisadiyyat xəbərləri yayımlanır. Amam əyləncə verilişlərini bir qədər də çoxaltsalar yaxşı olar. Yeni uğurlar arzulayıram. İstərdim ki, gələcəkdə bu kanalda işləyim”.

56 yaşlı zərgər Bayram Nuriyev:

“ANS mənim üçün gözəl kanaldır. Azərbaycanda yeganə düz informasiya verən kanaldır. ANS-ə yaxşı güzəran arzulayıram. Təbrik edirəm”.

Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktoru Həsən İsrafilov:

“Müstəqil Azərbaycan tarixində ANS kanalının böyük rolu var. Təsadüfi deyil ki, Umummilli Liderimiz Heydər Əliyev də çıxışlarının birində vurğulayıb: “Mən ən qaynar xəbərlərə ANS televiziyasında baxıram”. Məncə, ANS-ə bundan böyük qiymət vermək olmaz. Düşünürəm ki, bu, ANS əməkdaşlarının peşəkarlığından xəbər verir. ANS-ə həmişə birinci olmağı arzulayıram”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar