Fontu böyüt:
«Hazırda Azərbaycanda genişzolaqlı, yəni yüksək sürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır». Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazir qeyd edib ki, hazırda əsas məqsəd informasiya texnologiyalarını daha da inkişaf etdirməkdir: «Hazırda bütün dünyada bu proses gedir. Bu gün Azərbaycanda yüksək sürətli internet istifadəçilərinin sayı 12%dir. Bu, dünya səviyyəsindən təxminən iki dəfə çoxdur. Amma bizim məqsədimiz informasiya texnologiyalarını daha da inkişaf etdirmək olduğu üçün qarşıya məqsəd qoymuşuq ki, yaxın zamanlarda bunu çox sürətlə artıraq».
Ə.Abbasov deyib ki, bu gün Azərbaycanda internetin keyfiyyəti onun qiymətlərindən asılıdır: «Bu gün Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə, istənilən sürətdə internet verilə bilər. Amma bu sözsüz ki, qiymətlərdən asılıdır. Ümumilikdə, bu gün bizdə bütün qiymətlər Şərqi Avropa ölkələrində olan səviyyəyə uyğun gəlir»./// APA