Fontu böyüt:
Dünən “Bakı Ekspo” Sərgi və Toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı başladı.Tədbirdə ölkədə fəaliyyət göstərən səfirliklər, Beynəlxalq Telekommunikasiya İttifaqının katibinin müavini Ho Lim Jao və 16 ölkəni təmsil edən 115 şirkət iştirak edir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də sərgi iştirak edib. “BakuTel-2010” sərgisində Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələrin 115 şirkətinin məhsulları nümayiş etdiriləcək.
Sərgidə 4 iş günü ərzində xarici və yerli şirkətlər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio verilişlərinin yayımlanması üçün avadanlıq və texnologiyalar, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlərini ziyarətçilərin diqqətinə təqdim edəcəklər. Ənənəvi olaraq, RİTN “BakuTel” sərgisi çərçivəsində tərəfdaş şirkətlər ilə birgə “Xalq kompüteri”, Regional İnnovasiya Zonasının yaradılması və digər bu kimi perspektiv layihələri təqdim edəcək, habelə Qərbi Avropa və Şərqi Asiyanın 20-yə yaxın ölkəsini əhatə edən “TransAvrasiya informasiya super-magistralı” layihəsinin cari vəziyyəti barədə məlumat verəcək. Sərgidə fəaliyyət göstərəcək kosmik sənaye bölməsi bu tədbirin mövzusunun aktuallığını bir daha vurğulayır. Sərgi “Beynəlxalq İKT Həftəsi” şüarı altında keçirilir.
Qeyd edək ki, sərginin təşkilatçıları “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləridir.