Fontu böyüt:
«Azərbaycan Respublikası hüdudlarında olan bütün dalğalar, tezliklər millidir, xalqın milli sərvətidir. Bu milli tezliklərdə yayım üçün lisenziyanı Milli Televiziya və Radio Şurası verir. Lisenziyası olmayan radio, televiziya kanalı hər hansı tezlikdən istifadə edə bilməz». «Media forum» saytının əməkdaşı ilə söhbətində MTRŞ-nin hüquq və lisenziya şöbəsinin baş məsləhətçii Tohid Əliyev belə deyib.
Baş məsləhətçinin sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ildə bir dəfə MTRŞ-ə keyfiyyətli, boş tezliklərlə bağlı məlumat verir: «Şura da həmin boş tezlik üzrə müsabiqə elan edir. Azərbaycan Respublikası ərazisində yayım fəaliyyəti ilə məşğul olmaq istəyən bütün yayımçılar bu hüququ müsabiqə yolu ilə əldə edirlər».
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov «Media forum» saytına açıqlamasında bildirib ki, xarici radiostansiyalar yalnız MTRŞ-dən, Dövlət Radiotezliklər İdarəsindən lisenziya aldıqdan və onun rəhbərlik etdiyi birliklə müqavilə bağladıqdan sonra qısa dalğada yayımlana bilər.
Bu məsələyə aydınlıq gətirən T.Əliyev bildirib ki, MTRŞ xarici radiostansiyalara heç bir dalğada yayımlanmaq üçün lisenziya verə bilməz, çünki qanun buna yol vermir: «Xarici radiostansiyanın təsisçiləri xarici dövlətlərdir. «Teleradio yayımı haqqında» qanunun 10-cu maddəsində yazılıb ki, Azərbaycanda dörd cür yayımçı var: dövlət, özəl, bələdiyyə, ictimai. Xarici radiostansiyalar özəl yayımçılar kateqoriyasına düşə bilər, amma qanunda qeyd olunub ki, azərbaycanlı olmayan, Azərbaycanda hüquqi bazası olmayan şirkətlər özəl yayımçı ola bilməzlər. Bu məsələ qanunun 18-ci maddəsində təsbit olunub».
xeberler.az/Ellada