Fontu böyüt:
Müsahibimiz Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədlidir. Ələsgər müəllimlə son günlərin ən aktual məsələlərindən danışdıq. Müsahibəni olduğu kimi təqdim edirik.
- Mədəniyyət televiziyasının müsabiqəyə çıxarılıb AZTV-yə verilməsinə münasibətiniz? Ümumiyyətlə, qanunda belə bir müddəa varmı?
- Mədəniyyət televiziyasının müsabiqəyə çıxarılıb AZTV-yə verilməsi 2 istiqamətdə mövcud qanunvericiliyin pozulmasıdır. Bunun birincisi odur ki, qanunda açıq şəkildə göstərilib ki, bir şirkət 2 televiziya və 3 radioya sahib ola bilər. Yəni, bu o deməkdir ki, AZTV-nin artıq 2 kanalı var. Dövlət televiziyası və İdman Azərbaycan televiziyaları. Və onun üçüncü kanala sahib olması hüquqən mümkün deyil. Qanun buna imkan vermir. İkinci tərəfdən yanlışlıq ondadır ki, qanunda açıq şəkildə göstərilib ki, dövlət yayımcısına lisenziya müsabiqəsiz verilir. Dövlət yayımcısı lisenziya almaq üçün müsabiqədə iştirak etməli deyil, o sadəcə bunun üçün müraciət etməlidir və lisenziyanı almalıdır. Bir daha qeyd edirəm ki, qanunda yazılıb ki, ictimai və dövlət yayımcısı lisenziyanı müsabiqəsiz alır, özəl kanallar müsabiqə yolu ilə alır. Əgər özəl şirkətlər iştirak etmirsə tender ləğv olunmalıdır. Mən hesab edirəm ki, Milli Teleradio Şurası bu işə yenidən baxmalıdır.
- Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovla bağlı videogörüntü oktyabrın 25-i səhər tezdən “Lider” televiziyasında anons olunub və axşam saat 19-da efirə gedən “Səda” informasiya proqramında yayılıb. Buna bir hüquqşünas kimi münasibətiniz?
- Teleradio Yayım haqqında qanunda da, KİV haqqında qanunda da yazılıb ki, televiziya porno görüntüləri yaya bilməz. Hətta o şəxs ictimai fiqurdusa belə, bu görüntülər açıq şəkildə yayıla bilməz. Mən hələ bu görüntülərə baxmamışam. Əgər açıq şəkildə yayılıbsa, Teleradio Şurası dərhal Lider televiziyasının lisenziyasını ləğv etməlidir. Hətta buna görə cinayət məsuliyyəti də var. Porno materialların yayılmasına görə cinayət məsuliyəti də qaldırılmalıdır.
- Bilindiyi kimi, İctimai Televiyada bütün namizədlərə 4 dəqiqəlik pulsuz efir vaxtı verilir. Qanunda bu barədə nə deyilir?
- Mövcud seçki məcəlləsinə görə, parlament seçkilərində ən az 60 dairədə namizədi qeydə alınan siyası partiya və bloklara pulsuz efir vaxtı verilməlidir. Əgər məcəllə dəyişməyibsə, mən bilirəm ki, dəyişməyib. 77-ci maddənin tələbi bu idi ki, yalnız 60-dan çox namizədi qəbul olunan partiya və bloklar efir vaxtından istifadə edə bilər. Amma bu qanunun tələblərini pozdular və bütün namizədlərə 4 dəqiqə vaxt ayırdılar. Bu tamamən qanundan kənar addımdır və mövcud seçki məcəlləsində bunun analoqu yoxdur. Düzdü bunu plüarist bir addım adlandırdılar. Amma biz qanundan danışırıqsa, hüquqən bu mümkun deyil. Bunu hüquq dövləti qurmaq yolunda ciddi əngəl hesab edirəm. Bu guya ki, humanist addımdır əslində bu qanunların effektivliyini sıfıra endirir.
- Sonda Xeberler.az portalına nə demək istərdiz?
- Xeberler.az portalı müxtəlif yönlərdən baxdıqda onlayn medianın ən yaxşı nümunələrindən biridir və sizə uğurlar arzulayıram.