Fontu böyüt:
Azərbaycan İnternet
Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz 6 ay
müddətində ABŞ-da olub. Səfər ABŞ hökumətinin maliyyə dəstəyi ilə
Beynəlxalq Təhsil üzrə Amerika Şurasının (ACCELS) Gənc Müəllimlərin
İnkişafı Proqramı (JFDP) çərçivəsində baş tutub. Osman Gündüzlə görüşüb,
Amerikada yeni media texnologiyaları, təhsil sistemində İKT və səfər
təəssüratları barədə danışdıq.
- Osman
müəllim, ABŞ səfəri necə keçdi?
- Məqsəd yeni media,
onlayn jurnalistika sahəsində ABŞ Universitetlərində təcrübə mübadiləsi
etmək və araşdırma aparmaq idi. Həmçinin elmi işim də yeni media
texnologiyaları ilə bağlıdır. Bakıdan ABŞ-a 5 nəfər getdik. Hamımız
Universitet müəllimləri idik. Hər birimiz ayrı-ayrı ştatlara düşdük.
Keçmiş MDB ölkələrindən 80-ə yaxın müəllim bu proqrama daxil idi. Bu
proqram üzrə hər il müsabiqə elan edirlər. İnternetdə bu məlumat
yerləşdirilir. Müsahibədən keçib imtahan verdikdən sonra layihədə
iştirak edə bilirsən. Seçim prosesi 5-6 ay çəkir. O proqramın ana xətti
seçdiyin sahə üzrə orada təcrübə mübadiləsi etmək, yeni tədris
proqramlarının öyrənilməsi, yeni tədris metodikasının mənimsənilməsidir.
- ABŞ-da hansı təcrübələri keçdiniz?
-
Biz Kanzasda dil, Amerika təhsil sistemi, kitabxana resurslarından
istifadə sahəsində təlimlər keçirdik və Amerika mədəniyyətini
öyrənirdik. Oklahoma Dövlət Universitetinin Media və Strateji
Kommunikasiyalar Departamentində yeni media texnologiyaları ilə bağlı
kurslar keçdim. İnternet jurnalistika, elektron media ilə bağlı kurslar
götürdüm. Biz orada təqdimatlar keçirirdik. Azərbaycanda internet
medianın vəziyyəti ilə bağlı təqdimat elədim. Onlarda yeni medianın
tədrisi, kuriklum, metodika, ədəbiyyat, resurslarla bağlı oturuşmuş
təcrübə var. Ona qədər yeni media texnologiyaları üzrə kurs seçimi var.
Mən
orada dövlət orta məktəblərinə getdim. Təhsildə informasiya
texnologiyaları necə tətbiq olunur, onları öyrəndim. Bizdə kompüterlə
bağlı orta məktəblərdə ancaq “İnformatika” fənni var. Onlara 10 seçmə
fənn təklif olunur. Bu dərslər 10-11-ci sinifdən başlayır. Yuxarı
siniflərdə veb texnologiyaların tədrisinə üstünlük verilir. Mən olduğum
ştatda məktəblər 2007-ci ildən tam elektronlaşıb. Elektron formada dərs
keçirlər, idarəetmə elektron formadadır. Təhsil şöbəsində informasiya
texnologiyaları departamentinin müdiri ilə söhbət etdim. Bizdə hələ belə
şöbələr yoxdur. On dörd məktəbi olan bir rayonda 6 şəxsdən ibarət İKT
Departamenti var. Onlar valideynlərin rəyi ilə müəllimin İKT -dən necə
istifadə etməklə tədris etmə keyfiyyətini müəyyən edirlər. Xüsusi
proqram vasitəsilə valideynlə müəllim əlaqə yarada bilir. Tam
elektronlaşma ilə bağlı Azərbaycanda bu proses az müddətdir ki
başlayıb. İyirmi məktəbdə pilot qaydada bu işlər görülür. ABŞ-da o
proqramın istifadəsi ilə bağlı şirkətə hər il 50 min dollar pul
ödəyirlər”.
- Olduğunuz Oklahoma Dövlət Universitetində
tələbə-müəllim münasibətləri necə qurulub? Elmi mühit necədir?
-
Müəllimlər üçün çox gözəl şərait var. Onların hər biri üçün ayrıca otaq
ayrılıb. Tələbə gələn kimi müəllimin təqdimatına kompüterdə baxır.
Orada istəyirsən məktub yaz, qeyd elə, təqdimatın kənarında da yer
qoyulub ki, öz fikirlərini yaza biləsən. Dərs prosesində tələbə-müəllim
münasibətlərinin effektli qurulması üçün informasiya texnologiyalarından
geniş istifadə edirlər. Oklahoma Dövlət Universitetində təkcə bir İKT
Departamentində 200 nəfərədək insan çalışır. Onlar Akademik mühiti çox
gözəl qurublar. Kitabxanada böyük zallardan əlavə, xüsusi otaqlar, özü
də hər şeylə təchiz olunan informasiya-xidmət yüksək səviyyədədir. Həm
Kanzas, həm də Oklahoma Dövlət Universitetinin kitabxanaları elmi
fəaliyyət üçün hədsiz gözəl bir məkanlardır.
- Onların
təhsil sistemi ilə hansı fərqlərimiz var?
- Onlarla bizim
təhsil sistemində çox böyük fərqlər var. Yeni media ilə bağlı çox
diqqətlidirlər, xırda işlərə belə ciddi yanaşırlar. Xatırlayırsınızsa,
Obamanın seçkisi “Facebook“ və “Twitter”-də aparılırdı. Elmi araşdırma
ilə məşğul olarkən gördüm ki, Obamanın sosial şəbəkələrdəki seçki
kampaniyası haqqında 5-6 elmi iş yazıblar. Orada göstərilir ki, hansı
məqamlar hansı sosial təbəqəyə necə təsir göstərdi. Bizdə bu kimi
proseslərə elmi yanaşma hələ ki yetərli deyil.
Bakı Dövlət
Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasına
təkliflər vermişəm ki, yeni media texnologiyaları ilə bağlı kurslar və
tədris proqramlarını dəyişmək lazımdır. Kafedranın ixtiyarı çatır ki,
seçim fənlərini özü müəyyən etsin. Seçmə fənlər tələbənin arzusuna görə
yox, cəmiyyətin maraqlarına görə formalaşmalıdır. Cəmiyyətin tələbinə,
jurnalistlərin ali məktəbləri bitirdikdən sonra işləyəcəkləri sahənin
tələblərinə uyğun yeni media texnologiyaları ilə bağlı fənlərin, onların
tədris proqramlarının və kreditlərinin müəyyənləşməsi üçün təkliflər
üzərində işləyirəm. Bizdə 10-a qədər universitet var ki, jurnalistika
təhsili verir. Onların heç birinin yeni media texnologiyalarının tədrisi
ilə bağlı vəziyyəti günün tələbləri səviyyəsində deyil. Ölkədə olan
media infrastrukturunun, yeni media bazarının tələblərinə uyğun tələbə
hazırlanmır. Hazırlamaq üçün tədris dəyişməlidir. ABŞ Universitetlərində
müşahidə elədim ki, yeni texnologiya çıxan kimi universitetlərin
proqramları dərhal dəyişir”.
- Altı aylıq təcrübədən
sonra ölkəyə qayıtdınız. Öyrəndiklərinizi təhsildə necə tətbiq
edəcəksiniz?
- Bizdə jurnalistika istiqaməti üzrə Ali
İxtisas Təhsilinin Dövlət Standartına nəzərə salanda görürük ki, yeni
media texnologiyaları ilə bağlı zəruri heç nə yoxdur. Orada yeni media,
jurnalistlərə verilən müasir tələblərlə bağlı yetərli bir şey tapmaq
mümkün deyil. Hesab edirəm ki, bu sənədlərin təkmilləşdirilməsinə,
xüsusən də yeni media texnologiyaları ilə bağlı hissənin yenidən
işlənməsinə ehtiyac var. Bizdə hər gün internet TV və internet radio,
digər yeni media subyektləri yaranır hər gün, amma jurnalistikanı
bitirən uşaqlar orada işləməyə hazırdırmı? Amma ABŞ - dakı tələbələr
hazırdır. Gərək universitetdə maddi-texniki baza, modern tədris
proqramları, internet texnologiyalarla təminat güclü olsun. Praktik
işlər üçün ayrıca otağın olması da zəruridir. ABŞ-da nəzəri xətdən çox
təcrübəyə diqqət yetirirlər. Bizdə nəzəriyyəyə daha çox fikir verirlər”.
- Amerika həyatını necə yaşadınız?
-
Oklahoma Dövlət Universitetinin yataqxanasında qalırdıq. Beş ay orada
olduq. Özüm yemək bişirirdim, yaxşı da alınırdı.
Amerikalılar hamının üzünə gülümsəyirlər. Sənə kömək etmək istəyirlər. Bir söz soruşanda onu sənə izah etməmiş əl çəkmirlər. Onlar aqressiv deyirlər. ABŞ-da maşınsız həyat yoxdur. Mən olduğum yerdə tıxaclar yox idi. Qaldığım müddətdə orada hirsli sürücü görmədim. Sürücülük vəsiqəsi almaq çox asandır. Yarım saata sürücülük vəsiqəsi ala bilərsən. İyirmi sualdan 15-ə cavab verdinsə, bu vəsiqə almaq üçün kifayət edir. Vəsiqə üçün 29 dollar pul ödəyirsən. Uşaqlarla bağlı çox mühafizəkardırlar. İyirmi bir yaşa qədər gənclərə diskoteka, bar, kazinoya daxil olmaq qadağandır. Amerikalılar uşağı müstəqil qərar qəbul etməyə öyrədirlər. Orada uşaq spirtli içki və siqaret ala bilməz. Təhlükəsizlik onlar üçün çox əhəmiyyətlidir. Məsələn, yol hərəkəti təhlükəsizliyi, tornado ilə bağlı təhlükəsizlik. Onların ictimai maraqları çox güclüdür. İstənilən bir sahədə Amerika maraqları birincidir”.
Sevinc
Vaqifqızı