Fontu böyüt:
“Intel”, “Samsung” və “Toshiba” şirkətləri 2016-cı ilə kimi 10 nanometrlik çip istehsalı texnologiyasının işlənib hazırlanmasını həyata keçirəcək alyans yaratdıqlarını elan ediblər.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda müasir “Intel” çipləri 32 nm. texnologiya üzrə hazırlanır, 2011-ci ildə isə şirkət 22 nm. bazasında prosessor istehsalına başlamağı planlaşdırır. Alyans iştirakçıları yarımkeçiricilər bazarının 10-a yaxın şirkətini onların irəli sürdükləri təşəbbüsə qoşulmağa dəvət ediblər. İlkin mərhələdə layihəyə 124 milyon dollar məbləğində vəsait ayrılacaq və bu vəsaitin təxminən yarısının Yaponiya hökuməti tərəfindən təqdim olunacağı nəzərdə tutulub. Qalan məbləğ isə alyans iştirakçıları arasında bölünəcək.