Fontu böyüt:
Azərbaycan Nazirlər Kabineti 3G (üçüncü nəsil mobil rabitə) texnologiyası üzrə mobil rabitə xidmətlərinin göstərilməsi üçün tələb olunan şərtlər siyahısını təsdiqləyib.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən 3-cü nəsil mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün şəbəkənin istismara verilməsi mərhələləri, şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası, təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi, 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat, eləcədə «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hazırlanmış Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi» tələb olunur. Xatırladaq ki, 3-cü nəsil mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün tələb olunan lisenziyanın dövlət rüsumu 11 min manat təşkil edir. Lisenziyaların verilməsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub.
Məlumat üçün bildirək ki, 3G standartı Beynəlxalq elektron rabitə ittifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - üçüncü nəsil xidmətlər toplusudur.
O, İnternet şəbəkəsinin xidmətlərinə yüksəksürətli mobil çıxış, həmçinin məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir.
Üçüncü nəsil 3G şəbəkəsi təxminən 2 HGz tezlik diapazonunda işləyir və məlumatları 2 Мbit/s sürətilə ötürür. Onlar videotelefon rabitəsi qurmağa, mobil telefonda film və televiziya proqramlarını və s. izləmək imkanı verir.