Fontu böyüt:
Əslində bloq virtual gündəlikdən savayı bir şey deyil
Bloqçu jurnalistdirmi? Son vaxtlar bu sual ətrafında uzun sürən müzakirələr aparılır. Bu müzakirələr həm dar çərçivələrdə, həm də geniş tərkibli konfranslarda müzakirə mövzusu olur. Hər iki halda tərəflər fikirlərini, mövqelərini əsaslandırmağa cəhd edirlər. İrəli sürülən arqumentlərlə tanışlıq belə nəticəyə gəlməyə imkan verir ki, bloq yazarlarını heç də jurnalist hesab etmək olmaz. Bu barədə bir sonra.
Bu yerdə onu əlavə etmək zərurəti yaranır ki, Azərbaycanda bloqçuların jurnalist olub-olmadığını müəyyənləşdirmək üçün aparılan müzakirələrə əksər hallarda siyasi çalarlar da qatılır. Bəzi dairələr bu spesifik və elmi yanaşma tələb edən məsələni siyasi müstəviyə gətirməyə çalışırlar. Bu da səbəbsiz deyil. Bircə şeyi xatırlatmaq kifayətdir ki, bizdə bu müzakirələr iki bloq yazarının xuliqanlıqda günahlandırılaraq həbs olunmasından sonra intensivləşib. Həmin hadisəyə qədər Azərbaycanda heç kim bloq yazarlarını jurnalist hesab etmirdi. Amma məlum hadisə baş verəndən, beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün yaxşı bir ssenari düşünüldü. Bəziləri bloqçuları jurnalist kimi qələmə verərək həbs olunan gənclərin həbsini bu yolla siyasiləşdirmək istədilər.
Bəzi dairələr isə bloqçuları jurnalist kimi qələmə verərək Azərbaycanın imicini korlamağa çalışdılar və bu iş indi də davam etməkdədir.
Yeri gəlmişkən, "bloqçu jurnalistdirmi?" sualına cavab axtararkən bir sıra mətləblərə diqqət yetirmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu suala mənfi cavab vermək üçün kifayət qədər arqument var. Birincisi, ondan başlayaq ki, bloq yazarı olmaq üçün heç də jurnalistikanın incəliklərini bilmək tələb edilmir. Kim istəsə, heç bir razılıq almadan, xəbərdarlıq etmədən, intellektual səviyyəsini nəzərə almadan bloqunda yazılar yaza, baş verən hadisələrə münasibət bildirə bilər. Bütöv yanaşsaq, əslində bloq virtual gündəlikdən savayı bir şey deyil. Məsələn, bəzi bloqların müəllifləri axşam gördükləri yuxulardan tutmuş, gündəlik başlarına gələn maraqlı-maraqsız nə varsa hamısını öz bloqunda yazırlar. Amma jurnalist təbii ki, bunu etmir və etməməlidir. Bunu bloq yazarlığını virtual əyləncə, vaxt keçirmək kimi də başa düşmək olar, amma nəzərə alsaq ki, bloqlarda Amerika prezidentindən tutmuş, məşhur kino ulduzları, siyasətçilər, dövlət xadimləri, bir sözlə, hər kəs yazır, deməli, buna dırnaqarası baxmaq olmaz. ABŞ prezidenti Barak Obamanın da bloqu var. İndi biz onu jurnalist hesab edə bilərikmi? Təbii ki, yox. Praktiki olaraq çıxan nəticə budur ki, bloq yazarlığı ilə hər kəs, istənilən peşə sahibi məşğul ola bilər. Amma bu jurnalistika kimi qələmə verilə bilməz. Bir faktı da xüsusilə nəzərə almaq lazımdır ki, bloq müəllifləri yazdıqlarına, yerləşdirdikləri fotolara, yayımladıqları videolara görə heç bir məsuliyyət daşımırlar. Çünki bloq fəaliyyətini tənzimlənməyən qanunvericilik bazası da yoxdur. Başqa sözlə desək, nəyi necə yazmaq bloq müəllifinin - bloqqerin öz vicdanına qalır.
Digər tərəfdən, dövlətin bloqçuları jurnalist hesab etməməsi əslində söz azadlığının xeyrinə olan bir məqamdır. Diqqət yetirsək, Azərbaycanda son 6 ay ərzində bloqların sayı xeyli artıb. Keçən ilin əvvəlində bloqların sayı 6500 idisə, indi yalnız azərbaycandilli bloqların sayı 25 minə yaxındır. Bunu internetin getdikcə kütləviləşməsinin, başqa sözlə desək, virtual məkanın milliləşməsinin göstəricisi kimi qiymətləndirmək də olar. Belə bir şəraitdə əgər bloqçu jurnalist hesab olunsa, onda bloqların fəaliyyətini tənzimləyən qanunverici baza da formalaşdırılmalıdır. Bir sıra dövlətlərdə artıq buna gedilib də. Amma Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bloq yazarlarını jurnalist hesab etmir və bu sahənin tənzimlənməsi niyyətində də deyil. Bəziləri isə sanki dövləti buna məcbur etmək istəyirlər. Əslində bloq yazarı jurnalistdirsə, onun fəaliyyəti hansısa qanunla tənzimlənməlidir. Dövlət isə bloqçulara sərbəstlik verir və onları jurnalist hesab etmədiyindən fəaliyyətlərini tənzimləmək istəmir. Məgər bunun nəyi pisdir ki?
Bu yerdə onu da qeyd edək ki, beynəlxalq səviyyədə də bu cür müzakirələr gedir. Amma dünyanın heç bir ölkəsində bloq yazarı jurnalist hesab olunmur. Bu müzakirələrdə bir fikir vurğulanır ki, bəli, son vaxtlar bloqlarla jurnalistika arasında sərhədlər götürülməkdədir. Bəzən bloqçular da özlərini jurnalist kimi qələmə verməyə meylli olurlar. Amma adətən bu cür yanaşmalar peşəkarlıqdan uzaq olur, hansısa sağlam əsaslara söykənmir. Bəzən də elə təsəvvür yaranır ki, bu arzuda olan bloqçular jurnalistlərin imtiyazlarından onların məsuliyyətlərini daşımadan yararlanmaq istəyirlər. Bu isə istər-istəməz doğru yanaşma deyil.
Bir daha xatırladaq ki, indi yalnız azərbaycandilli bloqların sayı 25 minə yaxındır. Onların hamısını media təmsilçisi kimi qəbul etmək isə absurd mülahizə deyilmi?
F.Abbasoğlu
mənbə :qaynar.info