Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Dünya Bankının birgə həyata keçirdiyi Maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya sisteminin satın alınması məqsədilə keçirilən tenderin qalibi olmuş HP şirkəti oldu. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunda məlumat verilib.
HP və onun partnyorları Colvir və Sinam şirkətlərinin nümayəndələrinin iştirakı ilə “Azərpoçt”da layihənin icrasına nəzarət məqsədilə yaradılmış İdarəedici Komitənin növbəti iclası keçiriləcək.
HP şirkətinin regional təşkilatının təklifi ilə cari ilin 28-29 avqust tarixlərində Yunanıstanda keçirilməsi nəzərdə tutulan iclasda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərpoçt” MMC-nin əməkdaşları iştirak edəcək.
İclasda layihə üzrə cari işlər müzakirə olunacaq, sözügedən tədbirə qədər olan dövrdə yerinə yetirilmiş işlərə nəzər salınacaq, həmçinin, digər mövcud problemlər müzakirə obyekti olacaq.Xatırladaq ki, İdarəedici Komitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mərkəzi Bankın, “Azərpoçt” MMC-nin, məsləhətçi şirkət olan FACP-ın və icraçı şirkətin nümayəndələrindən ibarətdir.